Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 21:40
Gələcək yaşamımızda robotlarla birgə iş mühitini, sosial həyatımızı paylaşacağımıza dair tez-tez fikirlər səslənir, mülahizələr irəli sürülür. Pandemiya ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində bu proses sürətlənərək artıq reallaşmağa başlayıb. İnsanların səhiyyə və xidmət sahələrində robotların xidmətindən istifadəsi maraqla qarşılanır. Bəs Azərbaycanda ən çox hansı sahələrdə insan əməyini robotlarla əvəz etməyə ehtiyac var?
Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Microsoft Azerbaijan"ın rəhbəri Qaçay Mirzəyevin sözlərinə görə, bütün dünyada robotları tez-tez təkrar olunan işlərdə tətbiq edirlər: "Əsas məqsəd insanı rutin işdən azad edib yaradıcı işlərə yönəltməkdir. Azərbaycanda da çoxlu sayda təkrar olunan işlər var. Düşünürəm ki, ilk növbədə bir ölkə olaraq bu işləri müəyyən edərək onların robotlaşdırılmasına baxmaq lazımdır. Bir də əlbəttə ki, təhlükə, risk olan yerlərdə robotlar tətbiq olunur. Çünki insan həyatı çox ciddi dəyərə malikdir. Amma robotlar məhv olsa onu yenidən düzəltmək mümkündür. Məsələn 44 günlük müharibə zamanı hərbi istiqamətdə çox sayda dronlar və başqa texnologiyalar istifadə olundu".
Q.Mirzəyev bildirib ki, digər istiqamət isə təhlükə risqi olduğu üçün neft və qaz sahəsidir: "Burada baş verən bir qəza çox sayda insanın ömrünə fəlakət gətirir. Ondan başqa, çətin şəraitdə olan metronun təmiri, yeraltı kommunikasiya kanallarının təmizlənməsi, yeni kanalların çəkilişi, dağ-mədən işləri kimi sahələrdə robotlar tətbiq oluna bilir".
Bəs Azərbaycanda xidmət sahələrində robotların tətbiqi nə dərəcədə gözləniləndir sualına Qaçay Mirzəyevin cavabı belə oldu: "Əlbəttə, bütün dünya üzrə bunun rentabelliyi hesablanıb. Bir robot ən azı 3 adamı əvəz edə bilir. Bu o demək deyil ki, robotların tətbiqi ilə o insanlar işlərini itirəcək. Əksinə robotların tətbiqi ilə üç insanı daha yaradıcı işə cəlb edə biləcəyik. Bununla da onların üzərindən ağır yük, həyatlarından riski azaltmış oluruq. Onlar daha vacib, daha prioritetli işlərə fokuslanırlar. Bununla məhsuldarlıq yüksəlir. Çünki robot məzuniyyətsiz, fasiləsiz çalışır. Azərbaycanda çox sayda callcenter var. Bunların hamısını robotlaşdırmaq olar. Bu zaman həm müştəri məmnuniyyəti artır, həm insansanlar bu vasitələrdən faydalana bilir.
"Robotun qohumbazlığı yoxdur, rüşvət almır. Bu səbəbdən həmin sahələrdə şəffaflığı da artıracaq. İnsanla birbaşa təmasda olan sahələr var ki, insanlar həddən artıq emosional gərginlik yaşayaraq nəticədə qarşısındakı insanı acılayır, ona emosiyalarını nümayiş etdirir. Bütün bu sahələrdə robotların tətbiqi daha yaxşı nəticə verə bilər", - deyə Qaçay Mirzəyev bildirib.