Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 17:40
Xəbər verdiyimiz kimi yararsız ətlərin satışı ilə məşğul olan daha bir şəbəkəyə zərbə vurulub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində mənşəyi məlum olmayan 10 ton mal və at əti aşkarlanıb. "At Elçin" ləqəbi ilə tanınan Elçin Kərimov saxlanılıb.
Bundan iki il öncə isə "Leş Tofiq" və onun mütəşəkkil dəstəsinin üzvləri ələ keçmiş və bu ölkə gündəminə çevrilmişdi.
Təəssüf ki, bu problem illərdir aktualdır və öz yekun həllini tapa bilmir.
Bəs, nə etməli? Bu problemin tam həlli mümkündürmü və istehlakçılar yararsız ətləri necə ayırd edə bilər?
Məsələ ətrafında sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yararsız ətlərin satışının qarşısının alınmasının üsullarını açıqlayıb:
"20 ildən artıqdır ki, yararsız ətlərin satışı ilə məşğul olan mafiyanı məhv etmək uğrunda mübarizə aparırıq. Lakin onların ifşa olunmasında ən mütəşəkkil işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Çünki bu qurum leşyığanları ifşa edir, cinayət işi qaldırır və günahkarlar həbs edilir. Ancaq Həbs olunan şəxslərin sonradan bəraət almaması lazımdır.
Leşyığanların sonu niyə gəlmir? Çünki onlara tələbat var. Belə ki, heyvanı ölən şəxslər bu cür ət alan insanları axtarır və maddi qazanc əldə etmək istəyir. Buna görə çalışmalıyıq ki, insanlarda bu istiqamətdə müəyyən əxlaq formalaşsın. Satılan leşlər uşaq bağçasından tutmuş kafe və restoranlara, evlərinizə qədər gedib çıxır. Bu məsələnin sonlandırılması üçün bundan sonra da ciddi nəzarət olmalıdır. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, ölkə bazarında satılan bütün ətlər qablaşdırılmalı və üzərində istehsal tarixi ilə istehlakçı qeyd olunmalıdır. Bu qərar yerinə yetirilərsə, hər hansı problem yaşanmaz".
Qida eksperti at və eşşək ətinə xas olan xüsusiyyətləri açıqlayaraq, insanları diqqətli olmağa çağırıb:
"Ət alan şəxslər mütləq şəkildə istehsalçıdan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatını tələb etməlidirlər. Bundan başqa əti almamışdan qabaq diqqətlə nəzərdən keçirmək lazımdır. Belə ki, ətin qabırğalarının içərisində ağ piylər varsa demək ki, bu ət camış ətidir. Əgər ət tünd rəngdədirsə və içərisində sarı piylər varsa, bu at ya eşşək ətidir. At və eşşək ətini bişirəndə xüsusilə pis iy gəlir. Bundan başqa murdar ətlərin rəngi çox qırmızı olur".