Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşaya qalib xalqın nümayəndəsi kimi səfər etdim - Fərhad Bədəlbəyli

Şuşaya qalib xalqın nümayəndəsi kimi səfər etdim - Fərhad Bədəlbəyli

Tarix: 5 Fevral 2021 14:18

Bakı. Cani Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

Şuşa şəhərində dağılmış binalar və məscidlərin arasında kiçik bir yer var, orada konsert vermək yaxşı olardı. Bütün Avropa görsün ki, ermənilər bizim Şuşamızı necə xarabalığa çeviriblər.

Bunu Trend-ə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli deyib.

O, yanvarın sonunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Şuşaya etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb:

“Şuşa nağıl kimidir. Bizim bəxtimiz gətirdi ki, günəşli gün oldu. Qorxurduq ki, duman olacaq və biz heç nə görməyəcəyik. Biz Polad Bülbüloğlunun evinə daxil olduq. Mən orada 2007-ci ildə bir qrup Azərbaycan ziyalısının Qarabağa səfəri zamanı olmuşdum. İndi biz bu evə qalib xalqın nümayəndəsi kimi daxil olduq. Bu, tamam başqa təəssüratlardır. Sonra biz Cıdır düzünə getdik. Orada adam uçmaq istəyirdi...”

F.Bədəlbəyli vurğulayıb ki, özünü öz torpağının sahibi hiss etmək böyük xoşbəxtlikdir:

“28 il biz həsrət içində yaşamışıq... İndi isə qələbə hissi bizə gələcək iş üçün böyük təkan verir. Biz Şuşanın musiqi ilə yaşaması üçün hansı festivalları keçirəcəyimiz, hansı musiqiçiləri dəvət edəcəyimiz barədə düşünməliyik. “Xarı bülbül” festivalı ilə başlayacağıq. Təəssüf ki, hələlik infrastruktur yaradılmayıb, ona görə də qarşıda çox iş var. Amma bu, həyatımızın ən xoş işi olacaq”.

O, həmçinin Şuşada musiqi məktəbinin yaradılması ideyası barədə danışıb:

“Fikrimcə, bu, 20-25 ən istedadlı azərbaycanlı uşağın oxuyacağı elitar məktəb olmalıdır. Uşaqların oraya yalnız müsabiqə əsasında qəbul olunması üçün onları yalnız istedadına əsaslanaraq seçmək lazımdır. Məktəbə Azərbaycan Milli Konservatoriyasının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Moskva Konservatoriyasının və digər məktəblərin ən yaxşı müəllimlərini dəvət etmək lazımdır. Qoy bu, elitar Şuşa musiqi məktəbi olsun”.


Etiketlər:  Şuşaya qalib xalqın nümayəndəsi kimi səfər etdim Fərhad Bədəlbəyli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ