Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ADU-nun Konfutsi İnstitutu təkcə Çin dilini deyil, Çin mədəniyyətini də yüksək səviyyədə təbliğ edir

ADU-nun Konfutsi İnstitutu təkcə Çin dilini deyil, Çin mədəniyyətini də yüksək səviyyədə təbliğ edir

Tarix: 8 Fevral 2021 14:06

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi Yeni il bayramı sayılan “Baharın ortası” bayramını onlayn təşkil edib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə Konfutsi İnstitutunun müəllim və tələbə heyəti, ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov izləyicilərə sözügedən İnstitutun 2020-2021-ci il aralığında göstərdiyi bir illik aktiv fəaliyyətindən bəhs edərək, 2020-ci ilin Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni ili “Bakı” adlı silsilə tədbirlər əsasında qarşılandığını xatırladıb. R.Abbasov qeyd edib ki, Konfutsi İnstitutu fəaliyyətini daha da genişləndirmək məqsədi ilə Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kurslarını uğurla bitirən tələbələri 2020-ci ilin ilk ayında sertifikatlarla təltif edib.

Dünyanı hədəf almış, həyat tərzimizi dəyişdirən koronavirus (COVID-19) pandemiyası Konfutsi İnstitutunun aktiv fəaliyyətinə zərər gətirə bilməyib. Belə ki, İnstitutda dəfələrlə onlayn tədbir və seminarlar keçirilib, tələbə və müəllim heyəti ilə görüşlər təşkil olunub. R.Abbasovun sözlərinə görə, Konfutsi İnstitutu koronavirus epidemiyası şəraitində işinin optimallaşdırılması və Çin mədəniyyətinin öyrənilməsində tövsiyələrin işlənib hazırlanmasına dair bir sıra tədbir görməyə başlayıb. İlk öncə Çin dili kursu üçün onlayn tədris rejimində proqram, metodik materiallar və videodərslərin ssenarilərinin işlənib hazırlanmasına başlanılıb. Ardınca Çin dili və mədəniyyətini inkişaf etdirmək məqsədi ilə “Həmrəy olaq və gələcəyə inamla baxaq” devizi altında onlayn xəttatlıq müsabiqəsi təşkil olunub.

R.Abbasov 2020-ci ilin aprelində Azərbaycan-Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə həsr olunmuş elektron layihə hazırlanıb ərsəyə gəlməsini xatırladaraq, layihənin informasiya bazasında ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf istiqamətlərində fəaliyyətini əks etdirən elektron kitabların təqdim olunduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bədii ədəbiyyat tərcüməçiləri müsabiqəsini təşkil edən Konfutsi İnstitutu müsabiqə qaliblərini diplom və qiymətli hədiyyələrlə mükafatlandırıb.

R.Abbasov həmçinin Konfutsi İnstitutunda onlayn fəaliyyət zamanı belə Çinin “Bir kəmər və bir yol” qlobal iqtisadi layihəsi çərçivəsində elmi araşdırmaların aparıldığını, eyni zamanda Prezident İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına yönələn çoxşaxəli fəaliyyəti barədə “İlham Əliyev - qədim xalqların müasir davamçısı (2003-2020)” adlı elektron kitabının Çin və Azərbaycan dillərində hazırlandığını qeyd edib. Onun sözlərinə görə, Konfutsi İnstitutu təkcə Çin dilini deyil, həmçinin Çin mədəniyyətini də yüksək səviyyədə təbliğ edir, buna nümunə olaraq təşkil olunmuş “Çinin ənənəvi musiqisi” adlı onlayn layihəsini, “Duan-u” bayramına həsr olunmuş poetik onlayn seminarı, “Çin dili körpüsü” beynəlxalq müsabiqəsini, “Çin yelpiyinin incəsənəti” adlı onlayn tədbiri, “Arşın mal alan” operettasının Çin tarixi” adlı onlayn seminarı, “İki doqquzluq bayramı”na həsr olunmuş “Balaca vətənpərvərlər – Azərbaycanın böyük qurucuları” adlı onlayn tədbiri, “Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri” adlı onlayn tələbə elmi seminarı, “Azərbaycan rəssamlarının yaradıcılığında Çin” mövzusunda onlayn seminarı, Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş onlayn tədbiri və s. misal göstərmək olar.

Konfutsi İnstitutu məktəbliləri də unutmayaraq, “Salam, Çin!” adlı silsilə onlayn seminarlarına başlayıb. Tədbirlərin təşkilatçıları tərəfindən Çin dili və mədəniyyətinə marağı olan məktəblilərə iki ölkənin təhsil əlaqələrinin səmərəli inkişaf tarixindən danışılıb, Azərbaycan-Çin əməkdaşlığının bu inkişafa, ən əsası da “Bir kəmər, bir yol”un uğurlu icrasına ciddi töhfə verəcəyindən bəhs edilib, Çin mədəniyyətinin inciləri olan çay dəstgahı və Tay çi çuan ənənəvi döyüş sənəti haqqında ətraflı məlumatlar verilib, Çin sivilizasiyasının çoxəsrlik adət-ənənələrini əks etdirən “Böyük Çin” rəqsi canlandırılıb. Dünyada hökm sürən koronavirus pandemiyası təhlükəsinin miqyasını dərk edərək və mövcud şəraitdə gənclərin fərdi inkişafının, boş vaxtlardan səmərəli istifadənin əhəmiyyətini nəzərə alaraq Konfutsi İnstitutu karantinin qüvvədə olduğu dövrdə "Koronavirus pandemiyasının psixoloji problemləri" müsabiqəsi keçirmiş və qalibləri diplom və mükafatlarla təltif etmişdir.

“Baharın ortası” onlayn tədbir proqramında iştirak edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və Konfutsi İnstitutu tələbələri Çin mədəniyyətini əks etdirən ənənəvi rəqsləri və müxtəlif musiqi nömrələri, bayrama həsr olunan şeirləri videoçarxlar formatında nümayiş etdiriblər.


Etiketlər:  ADU nun Konfutsi İnstitutu təkcə Çin dilini deyil Çin mədəniyyətini yüksək səviyyədə təbliğ edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ