Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın başına daha böyük bəla gələ bilər - Paşinyana şükür edəcəklər

Ermənistanın başına daha böyük bəla gələ bilər - Paşinyana şükür edəcəklər

Tarix: 17 Fevral 2021 11:27

Ermənistan daxilində siyasi vəziyyət gərginliyinin pik həddinə çatıb. Müharibənin acı nəticəsindən istifadə edən Qarabağ klanı bütün vasitələrdən yararlanaraq yenidən hakimiyyətə gəlmək üçün əlindən gələni ardına qoymur. Hakimiyyət dəyişikliyinə səbəb olan 2018-ci il hadisələrini "anti-Qarabağ hərəkatı" adlandıran Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan fəallaşıb. Paşinyanın hakimiyyətə gəlməsinin onun layihəsi olması ilə bağlı mətbuatda dolaşan iddiaları rədd edən Ermənistanın üçüncü prezidenti mövcud vəziyyətdən istifadə edib avtoritetini yenidən yüksəltmək iddiasına düşüb. 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın eməni televiziya kanalına geniş müsahibəsindəki bəzi detallar xüsusi olaraq diqqət çəkir. Bəlkə də bu müsahibədə əvvəllər bəlli olmayan hansısa detalları görə bilirik. Ancaq məsələ burasındadır ki, 44 günlük müharibədən sonra bu detalların əhəmiyyəti qalmayıb. Sarkisyanın bu açıqlamaları 27 sentyabrdan əvvəl səslənsəydi, ciddi rezonans doğurardı, müharibədən sonra isə arxadan atılan daşa bənzəyir. 

Baş nazir Nikol Paşinyanın ciddi səhvlərindən danışan Sarkisyan niyə onun 44 günlük müharibədən öncə Şuşada içkili vəziyyətdə yallı getməyini, "Qarabağ Ermənistandır" bəyanatını müharibə riskini artıran amil kimi dəyərləndirib, bu səhvləri ictimailəşdirməyə cəhd belə etməd?! Çünki o, sentyabrın 27-ə qədər Paşinyanın bu sərsəm addımlarının Ermənistana problem yaratmayacağını düşünürdü. 

Bəs, nə dəyişdi?

Ermənistan məğlubiyyətlə üzləşdikdən sonra Sarkisyan Paşinyanın səhvlərindən ağız dolusu danışmağa başladı. Hazırda müxalifətin aparıcı siması olmayan Sarkisyan özü də bəlkə yaxşı anlayır ki, bir daha hakimiyyətə gəlmək şansı azdır. Dostu Robert Köçəryanla əsas təsmsilçisi olduğu "Qarabağ klanı"nın əvvəlki nüfuzu da qalmayıb.

Əli azərbaycanlıların qanına batan Sarkisyan "Armnews" telekanalına verdiyi müsahibədə müharibənin əsas mərhələsində operativ-taktiki "İsgəndər" raketlərindən istifadə edilməməsini Paşinyan hakimiyyətinin cavab zərbəsindən qorxması ilə əlaqələndirib. O, faktiki olaraq Gəncədə, Bərdədə, digər şəhər və rayonlarımızda ballistik raketlərlə hədəf alınan mülki vətəndaşları qətlə yetirən Paşinyanı daha irimiqyaslı faciələr törətmək imkanından yararlanmamaqda ittiham edib. Sarkisyan bu cür revanşist açıqlamaları ilə ölkədə itən reytinqini bərpa etmək üçün xal qazanmağa cəhd etsə də əslində hakimiyyətdə olmaması ilə Ermənistan xalqının daha böyük bəlaların astanasından döndüyünü özü də bilmədən nümayiş etdirib. O, müsahibəsi zamanı bildirib ki, "İsgəndər"ləri müharibənin dördüncü-beşinci günü Azərbaycan Horadizdə və digər bölgələrdə böyük canlı qüvvə toplayanda istifadə etmək lazım idi. Bununla da Sarkisyan erməni cəmiyyətində fikir formalaşdırmağa çalışır ki, "Mən hakimiyyətdə olsaydım Paşinyanın etdiyi səhvləri etməzdim, məğlub da olmazdıq". Amma görünən odur ki, S.Sarkisyan Nikol Paşinyanın səhvindən də nəticə çıxara bilmir. Anlamır ki, Azərbaycan nə 1992-ci ildəki Azərbaycandır, nə də onun dostu Robert Köçəryanla 1997-ci ildə prezident Levon Ter-Petrosyanı devirdiyi zamankı Azərbaycan. 

Ali Baş Komandan Laçın səfərində nitqi zamanı Ermənistanda revanşist qüvvələrin baş qaldırmağa çalışdığını bildirməklə düşmənə növbəti xəbərdarlığını etdi: "Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb". Bəli, Prezidentin də dəfələrlə dediyi kimi, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, məhz 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur. 

Son açıqlamalarından da göründüyü kimi, Serj Sarqsyanın mövqelərində heç nə dəyişməyib. O, əvvəllər necə idisə, indi də elədir. Bu isə müharibədən çox yaxşı nəticə çıxarmalı olan Ermənistan cəmiyyətinin, Ermənistanın bir dövlət kimi varlığına ciddi zərbə ola bilər. Ona görə də erməni cəmiyyəti anlamalıdır ki, Qarabağ klanı yenidən hakimiyyətə gələrsə, artıq Ermənistanın sonu olacaq.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistanın başına daha böyük bəla gələ bilər Paşinyana şükür edəcəklər


RƏYLƏR