Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd vurdurmaq infeksiyaya yoluxmaqdan qoruyan yeganə vasitədir

Peyvənd vurdurmaq infeksiyaya yoluxmaqdan qoruyan yeganə vasitədir

Tarix: 17 Fevral 2021 23:28

Bir həkim-infeksionist kimi mən virus infeksiyasının, indiki halda yeni növ koronavirusun (COVID-19) necə dəhşətli və əzablı bir xəstəlik olduğunu yaxşı bilirəm. Ona görə də infeksiyanın həyatımıza daxil olduğu bir ilə yaxın müddətdə həm özümü, həm də ailə üzvlərimi ondan qorumağa, uzaq tutmağa çalışıram. Şükürlər olsun ki, ailəmizdən heç kəs onun məhrumiyyətlərini yaşamadı.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-infeksionist Maisə Heybətova deyib.

Həkim-infeksionist söhbətinin davamında bildirib: "Bizim ailədə COVID-ə yoluxan olmasa da, çox yaxın ailəvi dostlarımızdan biri infeksiyaya yoluxdu. Həm özü, həm həyat yoldaşı xeyli müddət xəstəliklə mübarizə aparandan sonra lap bu günlərdə sağalaraq xəstəxanadan evə qayıdıblar. Onların amansız xəstəliklə apardıqları mübarizədən və bu mübarizədən qalib çıxmaq üçün hansı çətinliklərlə üzləşdiklərindən yaxşı xəbərdaram. Ailəvi dostlarımız sağalıb evə qayıdınca biz də çox böyük narahatlıqlar yaşadıq. Şükür ki, hər şey yaxşılıqla qurtardı. Deməyim nədir? Dünyamızı sınağa çəkən COVID-19 infeksiyası elə bir bəladır ki, onun heç kəsin qapısını döyməyini arzulamıram. İstər yoluxma zamanı, istər xəstəliyin kəskinləşən dövründə, istərsə də xəstəlikdən sonrakı bərpa prosesində yaşananların hamısını görmüşəm. Ona görə deyirəm ki, çalışıb bu xəstəlikdən mümkün qədər qorunmaq və yoluxmamaq lazımdır. Amma ona yoluxmamaq barədə kim sığortalanıb ki? Virus infeksiyası elədir ki, obyektiv və subyektiv səbəblərdən hər kəsin yoluxmaq ehtimalı var. Bu ehtimalı aradan qaldırmağın yalnız bircə yolu var ki, o da peyvənd olunmaqdan ibarətdir. Ən yaxşı yol şəxsi nümunədir. Özüm lap birincilər sırasında peyvənddən əvvəl qanda anticisimlərin səviyyəsini müayinə etdirdim və həmin göstəricinin 0,3 olduğunu öyrəndim. Ona görə də mən də Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" peyvəndi vurdurdum. Heç bir əks təsir və narahatlıqla da üzləşmədim. Artıq ikinci dozanın vaxtı çatıb. Yaxın günlərdə onu da vurduracağam".

Müsahibimiz öz fikrini belə bir müraciətlə yekunlaşdırıb: "Obrazlı çıxmasın, qorxu içində yaşamaqdansa, qorxunun üzərinə getmək lazımdır. İndiki halda qorxunun üzərinə getmək deyəndə peyvəndin vurulmasını nəzərdə tuturam. Peyvənd belə xəstəliklər zamanı xəstəlikdən qoruyan, onu təhlükədən uzaq tutan yeganə bir vasitədir. Bu sahədə az-çox təcrübəsi olan bir həkim kimi deyirəm: yubanmadan, heç bir təhlükə və narahatlıq barədə zərrə qədər də düşünmədən peyvənd olunmaq lazımdır".


Etiketlər:  Peyvənd vurdurmaq infeksiyaya yoluxmaqdan qoruyan yeganə vasitədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ