Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəfər savaşında düşmən üzərinə hücuma keçən ilk tankçı Cəlal Ağayev - VİDEO - FOTO

Zəfər savaşında düşmən üzərinə hücuma keçən ilk tankçı Cəlal Ağayev - VİDEO - FOTO

Tarix: 17 Fevral 2021 23:58

Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Vətən müharibəsində qələbənin qazanılmasında adını qanı ilə yazan belə igidlərdən biri də tankçı gizir Cəlal Ağayevdir. Cəsur tankçı dörd il əvvəl Aprel döyüşlərində də fərqlənmişdi. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanırdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lerikin Kornədi kəndindən olan 37 yaşlı Cəlal Ağayev ömrünün 17 ilini hərb sənətinə həsr edib. 2005-ci ildə Naxçıvanda həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmağı qarşısına məqsəd qoyub. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir ixtisası və hazırlıq kurslarını uğurla bitirən Cəlal əvvəl 7 il Goranboyda xidmətdə olub. Daha sonra Tərtərə ezam olunaraq burada tank komandiri kimi çalışıb. Bu müddət ərzində 13 fəxri fərman, Silahlı Qüvvələrimizin 90, 95 və 100 illiyi yubiley medalları, 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunub.

Aprel döyüşlərində də qəhrəmancasına vuruşan Cəlal üçün 4 il sonra səbirsizliklə gözlədiyi an çatır - Vətən müharibəsi başlayır, hücum əmri verilir. O, şəhid silahdaşlarının intiqamını almaq və Qarabağımızı işğaldan azad etmək üçün düşmən üzərinə hücuma keçən ilk tankçı olur. Cəsur tankçımız düşmənin müdafiə istehkamlarını darmadağın edərək irəliləyib.

Şəhidin atası Ağaverdi Ağayev Cəlal haqqında danışarkən deyib: "Dörd övladım var. Cəlal birincisidir. Cəsur, igid oğlan idi. Vətən müharibəsi elan ediləndə hücuma keçən ilk tankçı olub. Sentyabrın 27-də Ağdərə istiqamətində döyüş oldu. Böyük şücaət göstərdi və kürəyindən qəlpə yarası aldı. Buna baxmayaraq, yenə hücuma davam etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəlal da o ali məqama yüksəldi. Sağ olsun Prezidentimiz, onu "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif etdi. Oğlumla fəxr edirəm. Həm də qürur duyuram ki, onun qəhrəmanlığı unudulmadı, yüksək qiymətləndirildi".

Şəhidin həyat yoldaşı Gülnarə Ağayeva isə həmin günləri belə xatırlayır: "Sentyabrın 27-si və 28-də Cəlalla telefonla danışmışdıq. Ayın 29-da da zəng gözləyirdim. Ondan zəng gəlməyincə, özüm yığmağa başladım. Səhərə qədər yığdım, gördüm yox, açmır telefonu. Zəng çatmırdı... Sən demə, elə ayın 29-u şəhid olub...".

Cəlal şəhidlik zirvəsinə yüksəlməmişdən 3 gün öncə evə gələrək, hər kəslə sağollaşmışdı.

"Sentyabrın 26-sı bizimlə sağollaşmağa gəlmişdi. Mən atamla uzaqdan sağollaşdım. Dedim ki, qayıdacağına inanıram, gələndə səni çoxlu-çoxlu öpəcəyəm. Lakin belə olmadı... İndi atamın boynuna sarılıb onu öpmədiyim üçün çox peşmanam...", - deyə şəhidin qızı Nazənin Ağayeva bildirir.

Hərbçi yoldaşlarının sözlərinə görə, tankçı Ağayev müharibənin ilk günündə kürəyindən qəlpə yarası alsa da, buna əhəmiyyət verməyib. Vətənə olan sevgisi onu yenidən döyüşə aparıb. Sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşdə mühasirəyə düşüb və qəhrəmancasına şəhid olub. O, doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.

Milli.Az


Etiketlər:  Zəfər savaşında düşmən üzərinə hücuma keçən tankçı Cəlal Ağayev VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ