Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 16:06
Mərkəzi Klinika Bakı və Gəncə Xəstəxanaları Vətən Müharibəsi dövründə hərbi qulluqçulara göstərilən mütəmadi dəstək və tibbi yardımlara görə Müdafiə Nazirliyi Baş Tibb İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, xalqımız üçün müqəddəs olan Vətən Müharibəsi dövründə Mərkəzi Klinika kollektivi qələbəmizin daha da yaxınlaşdırılması üçün həm arxa, həm də ön cəbhədə böyük fəallıq göstərmiş, bütün imkanları və qüvvəsi ilə səfərbər olmuşdur. Döyüşlər başladığı ilk günlərdən klinikanın bəzi əməkdaşları həm könüllü, həm də hərbi mükəlləfiyyətli olaraq ön cəbhədə qəhrəman ordumuzun sıralarında ləyaqətlə hərbi xidmət etmişdir.
Arxa cəbhədə isə Mərkəzi Klinika Bakı və Gəncə Xəstəxanalarında müharibədə yaralanmış, xüsusən də ağır xəsarətlər almış hərbçilərimizin müalicəsi həyata keçirilmişdir. Cəbhəboyu əraziyə daha yaxın yerləşən Mərkəzi Klinika Gəncə Xəstəxanasında yaralılar üzərində mürəkkəb cərrahi əməliyyatlar, o cümlədən, ağır travmatoloji, neyrocərrahi, ürək-damar, ümumi cərrahi əməliyyatlar uğurla icra edilmişdir. Yüksək ixtisaslı həkim briqadaları və peşəkar tibb işçiləri əsgər və zabitllərlə birlikdə, mülki əhaliyə, o cümlədən də Gəncə, Bərdə, Tərtər, Goranboy və Naftalan terroru zamanı ağır xəsarət almış dinc sakinlərə tibbi xidmətə cəlb edilmişlər. Göstərilən tibbi xidmətlər və cərrahi əməliyyatlar üçün bütün tibbi cihaz, avadanlıq, dərman və tibbi materiallar Mərkəzi Kilinika hesabına təmin edilmişdir. Eyni zamanda klinikanın əməkdaşları öz təşəbbüsləri ilə aylıq vəzifə maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürmüşlər.
Kollektiv və onların ailə üzvləri arasında şəhidlik zirvəsinə yüksələnlər də oldu. Bu ağır günlərdə onların ailə üzvlərinə qayğı daim diqqət mərkəzində olmuşdur.
Bir sözlə, Mərkəzi Klinika bütün resursları ilə birlikdə, bu Böyük Zəfərin qazanılması üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun yanında olmuşdur.
Bir daha Allahdan şəhidlərimizə rəhmət, yaralılara tezliklə şəfa diləyir, xalqımızı isə Böyük Zəfər münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Qarabağ Azərbaycandır!