Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəblərdə koronavirus təhlükəsi artır? - Bir məktəb bağlandı...

Məktəblərdə koronavirus təhlükəsi artır? - Bir məktəb bağlandı...

Tarix: 19 Fevral 2021 12:26

"Fevral ayının birindən etibarən tədris prosesi bərpa ediləndə məktəblərdə istər şagirdlər arasında, istər texniki işçilər, istərsə də müəllimlər arasında yoluxma hallarının olacağı danılmaz idi. Yəni bu, bizə 2020-ci ilin sentyabrındakı təcrübədən də tanış idi".

Bunu Sonxeber.net-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, heç bir yoluxma faktına görə tədris prosesi dayandırılmamalıdır, yoluxmalar olduğu təqdirdə həmin təhsil müəssisələri lokal şəkildə bağlanmalıdır:

"Şagirdlər və müəllimlər arasında yoluxmanın olması təbii ki, ümumi ölkə statistikasına baxsaq o qədər də böyük rəqəmlər deyil. Amma bir neçə vacib məqamı qeyd edim: təbii ki, 82 saylı orta məktəbdə məhz virus səbəbindən tədrisin dayandırılması qabaqlayıcı bir addımdır. Amma yoluxan şəxslərin sayına baxsaq və həmin məktəbdəki kontingentlə müqayisə aparsaq görərik ki, ortada o qədər də böyük bir təhlükəli rəqəm yoxdur. Misal üçün konkret rəqəmlər üzərindən danışsaq 82 saylı orta ümumtəhsil məktəbində 1500-dən çox şagird təhsil alır və onlarla 129 nəfər müəllim və digər texniki heyət çalışır. 129 nəfər işçi və əlavə olaraq 1500-dən çox şagird arasında yoluxmanın olması o qədər də ciddi bir rəqəm kimi qəbul edilə bilməz. 3 nəfər müəllim və şagirdlə birgə yoluxan şəxslər var. Təbii ki, istərdik ki, ümumiyyətlə yoluxma olmasın, amma hələ də vəziyyət təhlükəli deyil.

Məsələnin müqayisəsini iki istiqamətdə aparaq: Birinci yoluxan şəxslərin sayının məktəbdəki şagird sayına mütənasibliyi nəzərə alınmalıdır. 1500-dən çox şagirdi olan məktəbin bir şagirdində COVİD-ə yoluxma faktı aşkar edilibdir, 129 müəllim arasında da bir nəfər yoluxubdur, eyni zamanda 27 texniki işçi arasında da bir nəfərin virusa yoluxduğu məlum olub. Ümumilikdə 3 nəfərdə bu hal müşahidə olunub. Bu da tədris prosesinin dayandırılıb distanta keçirilməsinə gətirib çıxarıb, eyni zamanda məktəbdə dezinfeksiya işləri görülüb, orada 14 gün rəzində dərs olmayacaq. Bu, normal bir rəqəmdir, dünyanın istənilən ölkəsində baş verən bir prosesdir. 2020-ci ilin sentyabrın 15-dən oktyabrın 1-ə qədər olan müddətlə müqayisəmizi aparaq. Təsəvvür edin, bizdə indi fevral ayının 1-də dərslər başlayıb və bu günə kimi (18 gün ərzində) cəmi bir məktəbdə yoluxma səbəbindən tədris prosesi dayanıb. Eyni müqayisəni biz 2020-ci ilin sentyabrın 15-dən oktyabrın 1-ə qədər olan müddətlə aparsaq, artıq bu müddət ərzində 7 məktəb yoluxma səbəbindən tədrisi dayandırmışdı və kifayət qədər məktəb sayı vardı. Və yaxud, bir aylıq statistikanı qeyd edim: 2020-ci ilin oktyabr ayının 18-də artıq ölkdə 49 məktəb və 75 sinif yoluxma səbəbindən distant təhsilə keçmişdi. Yəni əvvəllər daha çox şagird, müəllim və texniki işçilər arasında yoluxma faktları aşkar edilirdisə, indi bu rəqəm kifayət qədər aşağıdır, böyük deyil. 

Heç bir halda yoluxma səbəbindən tədrisin məhdudlaşdırılması tövsiyə olunmur. Bu, bir neçə səbəbdən tövsiyə edilmir:

I. Virusa yoluxan şəxslərin məktəbdən kənarda bu halla qarşılaşması və təhsil müəssisələrinə daxil olanda digər şəxsləri də yoluxdurmaq ehtimalı ilə bağlıdır. Hesab edirəm ki, mütləq bu məsələni nəzərə almalıyıq. Ən azından ona görə ki, şagirdlər arasında bu hal baş verərsə, digər şəxslərə də keçmək ehtimalı olacaq.

II. Əgər həmin şəxsləri cəmiyyətdən ayırmasaq başqaları da yoluxacaq.

Birmənalı şəkildə qeyd edim ki, virusa görə tədrisin dayandırılması heç vaxt mübahisə predmeti ola bilməyəcək. Ona görə ki, bu, birincisi yoluxmuş şəxsləri müəyyənləşdirməyə çətinlik yaradacaq. İkincisi, insanların yoluxmuş halda cəmiyyətdə gəzməsinə imkan yaradacaq. Hesab ediərm ki, tədris müəssisələri fəaliyyətini davam etdirməlidir, bu zaman həmin yoluxmuş şəxslər müəyyənləşdirilib cəmiyyətdən təcrid ediləcək. Yeganə mübarizə vasitəsi tədris prosesini davam etdirməkdir və yoluxmalar olduğu təqdirdə həmin əraziləri lokal şəkildə bağlamaqdır".

Qeyd edək ki, Bakıda 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVID-19 testi pozitiv çıxdığından təhsil müəssisəsinin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Təhməz Əsədov


Etiketlər:  Məktəblərdə koronavirus təhlükəsi artır məktəb bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ