Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 16:09
Belarusda 28-ci Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.
Ölkəmizin Belarusdakı səfirliyindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan tərəfi artıq 4 ildir bu sərgidə fəal şəkildə iştirak edir. Kitab sərgisi bu il MDB-nin yaradılmasının 30 illiyinə təsadüf etdiyi üçün sərginin mərkəzindəki əsas pavilyon MDB İcraiyyə Komitəsi tərəfindən qurulub. Ümumi pavilyonda MDB-yə üzv ölkələrin Belarusda akkreditə olunmuş səfirliklərinin hər biri öz bölməsini yaradıb.
Azərbaycan səfirliyi tərəfindən yaradılan bölmədə Qarabağda qazanılan böyük Qələbəyə, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və ümummilli lider Heydər Əliyev haqqında kitablar nümayiş olunub. Pavilyonda, eyni zamanda, beynəlxalq kitab sərgilərində qalib seçilmiş kitablar, həmçinin ölkəmizin "Azərbaycan təhsil tarixi" kitabı sərgilənib.
Tədbir çərçivəsində MDB-nin pavilyonunun təqdimatı keçirilib. Təqdimat mərasimində təşkilata üzv ölkələrin səfirləri və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko iştirak ediblər.
Səfir Lətif Qəndilov təqdimat mərasimində çıxış edərək bildirib ki, kitab hələ də insanın ən yaxın dostu, bilik və mədəniyyət mənbəyidir və bunun gələcəkdə də belə olacağına ümid var. Diplomat Azərbaycanda təhsil, mədəniyyət və incəsənət sahələrinə böyük diqqət göstərildiyini, əhalimizin savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu bildirib. Azərbaycan tərəfinin bu tədbirə önəm verdiyini, bu səbəbdən də sərgidə ənənəvi olaraq iştirak etdiyini söyləyən L.Qəndilov bu platformanın yaradıcı insanlar arasında fikir mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Azərbaycanın Mədəniyyət Nazirliyinin və səfirliyin iştirakı ilə ayrıca bölmə də yaradılıb. Mədəniyyət Nazirliyinin nümayəndəsi İslam Hüseynov və Yazıçılar Birliyinin üzvü şairə Zəhra Bədəlbəyli tədbir iştirakçılarını Azərbaycan pavilyonunda nümayiş etdirilən kitablarla tanış ediblər. Sərgi çərçivəsində Zəhra Bədəlbəyli tərəfindən Azərbaycan pavilyonunun təqdimatı keçirilib, ölkəmizə aid videoçarxlar nümayiş etdirilib. Təqdimat zamanı şairə Zəhra Bədəlbəyli müəllifi olduğu "Təzahür sonsuzluğunun arxasında" və "Sənin əllərində" adlı rus dilindəki kitablarından şeirlər oxuyub.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko Azərbaycan pavilyonunda nümayiş etdirilən kitablarla tanış olub. Eyni zamanda, Azərbaycan pavilyonunu Belarus Prezident Administrasiyasının rəhbərinin müavini Vladimir Rıjınkov və Baş nazir Roman Qolovçenko da ziyarət ediblər.