Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 16:36
Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ölkənin Baş naziri Castin Trüdonu 29 il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımını tanımağa çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, Tamella Severcanın rəhbərlik etdiyi Mərkəzin adından Castin Trüdoya ünvanlanan məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək, dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Xüsusi amansızlıq və qəddarlıqla həyata keçirilən kütləvi qırğın nəticəsində 613 dinc sakin (aralarında qadın, uşaq və qocalar olmaqla) öldürülüb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
Müraciətdə bildirilib ki, Kanadada yaşayan azərbaycanlı icması hər ilin fevralında bir araya gələrək Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini böyük kədərlə yad edirlər. Soydaşlarımız Baş naziri də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram göstərməyə çağırıblar.
Qeyd edək ki, eyni məzmunlu məktub Kanadanın Vankuver, Delta, Bernabi, Riçmond, Surrey, Lanqley və Şimali Vankuver şəhərlərinin merlərinə də göndərilib.