Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 23:40
...Onlar öz həyatlarını deyil, Vətəni düşündülər. Canları, qanları hesabına itirilən torpaqlarımızı qarış-qarış işğaldan azad etdilər. 30 ildən bəri sinəmizdən ağır daş kimi asılan, çarəsiz zənn etdiyimiz Qarabağ dərdinə 44 günlük Vətən savaşında məlhəm tapıldı. Azərbaycanımızın bütövlüyü naminə Sənan Seyfullayev kimi cəsur övladlarımız sinələrini düşmən gülləsinə sipər etdilər...
Şəhid ailəsi ilə görüşərkən, o üzgün mənzərənin şahidi olanda, ürək yandıran sözləri eşidəndə övladını vaxtsız itirən valideynlərin nələr yaşadığını hiss edirsən. Xoş xəbər eşitmək ümidi ilə 71 gün idi ki, Mətləb atanın, Sevda ananın gözləri yollardan yığılmırdı, ölümünə inanmırdılar Sənanın...
Biz nə qədər nakam gəncin taleyinə acısaq da, göz yaşları içində boğulan doğmaları qədər alışıb-yana bilmərik, gücümüz ancaq onlara ürək-dirək verməyə çatır.
Şəhidin 52 yaşlı atası Mətləb təskinlik tapır ki, övladı Vətən üçün, dövlət və dövlətçiliyimizin möhkəmlənməsi üçün canını fəda edib, qəhrəmanlıq tariximizin əbədi yolçusuna çevrilib. O deyir ki, Sənan hərbçi olmaq istəyirdi: "Qismətində var imiş oğlumun, ömrünü Vətəni üçün yaşamalıydı, yaşadı da..."
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sənanın əmisi Fariz deyir ki, müharibə başlayandan döyüşdə olan, ancaq uzun müddətdir heç bir sorağı gəlməyən, aylardır axtardığımız Sənanın ölüm xəbərini, hər birimizi yasa boğan xəbəri eşitmək bizim üçün asan olmadı. Ata-anasının güvənc yeri idi, özümüzə arxa-kömək sanırdıq Sənanı. Öz arzuları yarımçıq qalsa da, hamımızın arzusunu, Vətən arzusunu göyərtdi...
Sənan Mətləb oğlu Seyfullayev 1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub.
Vətən müharibəsinin ilk günündən digər qəhrəman oğullarımız kimi Sənan Seyfullayev də torpaqlarımızın düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.
O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, "Qanlı Təpə" yüksəkliyinin düşməndən azad edilməsində qəhrəmanlıqla şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan bu ilin yanvarın 10-da şəhid olaraq tapılıb.
Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Sənan Seyfullayevin nəşi doğulduğu Ərkivan qəsəbəsində - şəhid mayor Anar Novruzovun, baş leytenant Sahib Şirəliyevin məzarı yanında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin 9 yaşlı qardaşı Urufa təqdim edilib.
İgid döyüşçü subay idi. Ailədə bir bacı, iki qardaş olublar.