Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 21:00
Şəkidə adam oğurluğunda ittiham olunan 1968-ci il təvəllüdlü Tərlan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Tərlan Babayev Samirə Məmmədovanın (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib - red.) yaşadığı evə gəlib. O, hasardan həyətə keçərək evin içərisində Samirə Məmmədovanın boğazından tutaraq boğub, sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Tərlan Babayev Samirə Məmmədovanı zor tətbiq etməklə yaşadığı ünvandan oğurlayıb və Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivinə gətirib. Həmin ünvanda Samirə Məmmədovanı üç gün saxlayıb.
"Qaynımın arvadı ilə söz-söhbəti yarandı"
İstintaq orqanı tərəfindən Tərlan Babayevin barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, anasının xalası qızı Xumarla 1994-cü ildə ailə həyatı qurub və onun həmin nikahdan bir oğlu var: "Öz ailəm ilə birlikdə uzun müddət Bakı şəhərində yaşamışam. 2003-cü ildə isə Şəki şəhərinə köçmüşük. Qohum kimi qaynanam Səlimənin evinə gedib-gəlmişəm.
Təxminən bir il qabaq qaynım Rasimin arvadı Samirəgilin evlərində söz-söhbət yarandı. Samirə də acıq edərək anasıgilə getdi. Bəzən arvadım, bəzən özüm, bəzən isə Rasim gedərək Samirəni anası evindən götürüb və öz evinə gətirmişik".
"Cinsi yaxınlıq etdik"
Təqsirləndirilən şəxs qeyd edib ki, qaynının evində yaranan söz-söhbəti çözmək istəyib: "Samirə ilə qaynanası arasında yaranmış mübahisəni çözmək üçün onunla yaxın münasibət yaratdım. Bundan sonra biz tez-tez görüşdük və cinsi yaxınlıq etdik.
Buna görə 2015-ci ilin avqustunda Samirəni Bakı şəhərində yaşayan anamın evinə apardım. Orada bir neçə gün Samirə ilə qaldıq. Sonra onu Qax rayonunun Dəymədağlı kəndində yaşayan əmim oğlu Səlimin evinə apardım. Təxminən 4 gün orada qaldıqdan sonra Şəki şəhərinə getdim. Samirə isə oradan çıxaraq anası evinə yollandı".
"Yazdım ki, məni meydanda tək qoydun"
Tərlan Babayev bildirib ki, bundan sonra Samirənin anasının vasitəsi ilə onunla telefon əlaqəsi yaratmağa cəhd edib, lakin buna nail ola bilməyib: "Təxminən 10 gün ərzində Samirə ilə əlaqə saxlaya bilmədim. Həmin ərəfədə mənə xəbər çatdı ki, Samirə əri Rasimdən onu boşamasını istəyib. Ərinə bildirib ki, mənimlə qoşulub getdiyi gündən bir yerdə olmuşuq.
Bunu eşidəndən sonra arvadımdan boşanmaq üçün Şəki rayon Məhkəməsinə ərizə verdim. Samirə ilə əlaqə saxlaya bilmədiyim üçün təxminən 10 gündən sonra ona məktub yazdım, sonuncunun anasının həyətinə atdım.
Həmin məktubda Samirəyə yazdım: "Eşitdim səni qıfıl altında saxlayırlar, istədiyin bir şey varmı? Sən nə üçün belə etdin, məni meydanda tək qoyub getdin, axı biz bir-birimizə söz vermişdik ki, sən də boşanacaqsan, mən də boşanacam. Sonra biz evlənəcəyik. Mən arvadımdan boşanmaq üçün ərizəmi yazıb verdim, sən nə üçün boşanma ərizəsi yazmırsan? Sən bu hərəkətinlə məni tək qoyursan, cavab yaz, çöldə gözləyirəm".
Samirə də həmin vaxt salfet kağızına "zəng vuracam" sözlərini yazıb yola atdı. Həmin kağızı oxuduqdan sonra cırıb atdım".
"Dedim ki, aramızda razılıq olub"
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, həmin gün günorta üstü Samirə anasıgilin ev telefonundan onun mobil telefonuna zəng edib: "Samirə bildirdi ki, mümkün deyil, anam deyir ki, sən getsən, mən özümü asıb öldürəcəm. Sən bilirsən mən səni sevirəm, ancaq mənim səninlə getməyim mümkün deyil.
Samirəyə "sən nə danışırsan, bizim aramızda razılıq olub" - deyə söylədim. Samirə mənə qapı döyüldüyünü, sonra zəng edəcəyini söylədi, dəstəyi asdı. Bundan sonra daha mənə zəng etmədi".
"Samirəni aparacağımı dedim"
Tərlan Babayevin sözlərinə görə, səhəri gün Samirəyə yenə məktub yazaraq həyətlərinə atıb: "Həmin məktubda Samirəyə müraciətlə qısa olaraq yazdım ki, sən məni niyə atdın, axı, biz belə danışmamışdıq, bundan sonra mən nə edim, sualıma cavab ver.
Bundan bir gün sonra, yəni sentyabrın 9-da Bakı şəhərində yaşayan qohum Aynur mənə zəng etdi və mənim Samirə ilə danışmaq istəyində olub-olmadığımı öyrəndi. Aynura bunu istədiyimi bildirdim.
Aynur Rasimin mobil telefonuna zəng etdi, Samirə ilə danışan zaman eyni vaxtda məni də həmin danışığa qoşdu.
Telefonla danışan zaman Aynur Samirəyə dedi ki, əgər istəyirsənsə, həftənin 6-cı günü gəlib səni aparsın. Samirə isə buna razı olmadı. Aynura sabah gedib Samirəni aparacağını dedim.
Aynur mənə zəng edib Samirəni götürməyim üçün dəqiq vaxtı deyəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra Aynur mənə zəng etdi, sabah, yəni sentyabrın 10-da, səhər saat 08.45-də avtomobillimlə Samirənin yaşadığı evin qapısının yanında olmağımı, Samirənin siqnal səsini eşidərək çıxacağını dedi. Mən də razılaşdım".
"Evdəkilər bilməsin deyə əynini dəyişmədiyini bildirdi"
Tərlan Babayev deyib ki, sentyabrın 10-da səhər tezdən avtovağzala gedib və orada Şəki-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olan "Merecedez Benz" markalı avtomaşının sürücüsü Eldarla danışıb, arvadı ilə birlikdə Bakı şəhərinə getmək istədiyini bildirib və yol xərcini soruşub: "Sürücü 50 manata aparacağını bildirdi. Sürücü ilə razılaşdım və biz təxminən yarım saatdan sonra "Kapital Bank"ın Şəki filialının binasının qarşı tərəfində, kafedə görüşdük.
Saat 08.40-da həmin sürücünun idarə etdiyi avtomaşınla Samirənin anasıgilin yaşadığı ünvana getdik. Sürücü maşını evin qarşısında saxladı, mənim istəyimlə siqnal verdi. Samirə evdən çıxmadı. Maşından düşərək Samirənin anasının həyətinə girdim. Həyətdə Samirəni çağıranda, ev paltarında həyətə çıxdı.
Samirədən nə üçün əynini dəyişmədiyini soruşanda, evdəkilər bilməsin deyə əynini dəyişmədiyini bildirdi. Mən də bir söz demədim, birlikdə yola çıxdıq. Samirə avtomaşının arxa oturacağında, mən isə qabaq oturacaqda oturduq. Eldar avtomaşını sürdü".
"Başını dizimin üstünə qoydu"
Tərlan Babayevin sözlərinə görə, Oğuz rayonunun ərazisində yanacaq doldurma məntəqəsində avtomaşına yanacaq vuran zaman Eldara yanacaq vurmaq üçün 50 manat pul verib, özü də keçib arxa oturacaqda Samirənin yanında oturub: "Eldar avtomaşına yanacaq vurandan sonra yola düşdük. Biz Qəbələ rayonunun Zarağan kəndi ərazisinə çatanda sürücüdən su olan yerdə maşını saxlamasını istədim. Sürücü yolun kənarında yerləşən məscidin yaxınlığında avtomaşını saxladı. Samirə ilə avtomaşından düşdük və həmin məscidin həyətində əl-üzümüzü yuyduq.
Sonra avtomaşının arxa oturacağında oturduq, yenidən yola düşdük. Bir qədər getdikdən sonra yolun kənarında mağazanın yanında sürücü avtomaşını saxladı. Sürücü ilə avtomaşından düşüb, mağazaya getdik. Həmin vaxt Samirə avtomaşında tək idi. Yenidən yola düşdük, bir qədər gedəndən sonra Samirə başını dizimin üstünə qoydu, arxa oturacağın üzərində uzandı".
"İdman gödəkçəsini götürərək mənə verdi"
Təqsirləndirilən şəxs deyib ki, İsmayıllı rayonunun ərazisində sürücü yolüstü sərnişin götürmək üçün avtomaşını saxlayıb: "Bu vaxt bir nəfər avtomaşına yaxınlaşdı, arxa tərəfə baxdı və gedəsi olmadığını bildirdi. Sürücü məndən nə isə bir problem olub-olmadığını soruşdu. Sürücüyə heç bir problem olmadığını bildirdim.
Həmin vaxt Samirə uzandığı və pəncərə açıq olduğu üçün sürücüdən odeyal istədim. Sürücü avtomaşının arxa yük yerindən idman gödəkçəsini götürərək mənə verdi.
Mən həmin gödəkçəni Samirənin üstünə örtdüm. Bir qədər də getdikdən sonra sürücü yolun kənarında dayandı, bir nəfəri götürdü. Sərnişin qabaqda əyləşdi və biz yola davam etdik. Həmin sərnişin Bakı şəhərində "20 Yanvar" metrostansiyasının yaxınlığında düşdü.
Sürücüdən bizi Günəşli qəsəbəsi "AB" yaşayış massivinə aparmasını xahiş etdim. Sürücü məndən əlavə 15 manat istədi, razılaşdım. Sürücü bizi həmin ünvana apardı. Samirə ilə birlikdə avtomaşından düşdük, qohumum Bəhruzun evinə getdik. Biz üç gün Bəhruzun evində qaldıq".
"Samirəni zorla qaçırmamışam"
Tərlan Babayevin ifadəsinə görə, sentyabrın 14-də şəhərə çıxıb və həmin gün saat 17.00-da evə qayıdarkən Samirə evdə olmayıb: "Samirəni məhəllədə axtardım. Lakin tapa bilmədim. Sentyabrın 16-da polis əməkdaşları mobil telefonuma zəng etdi, anamın evində olduqlarını dedilər, məni evə çağırdılar. Evə gəldikdən sonra polis əməkdaşları ilə birlikdə Şəki şəhərinə gəldik.
Sonradan bildiyimə görə, Samirəyə evlərindən deyilib ki, uşaqları internat məktəbinə qoyulub, uşaqlara qonşular baxır və o, tez evə gəlsin. Buna görə Samirə Bəhruzun evindən çıxıb gedib. Samirəyə heç vaxt hədə-qorxu gəlməmişəm, onu vurmamışam və zorla qaçırmamışam".
"Tərlan ailəmi dağıdıb, məni el içində rüsvay edib"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Məmmədova ifadəsində əvvəllər aralarında olan sevgi söhbətlərindən danışıb. O, ifadəsinin sonunda Tərlan Babayevin zorla onu qaçırdığını qeyd edib.
Bildirib ki, Tərlanın onu aparmaq təklifi ilə əvvəl razılaşsa da, sonra bu fikrindən daşınıb və onunla getməkdən imtina edib: "Tərlan isə məni vurdu, zorla özü ilə apardı. Bakı şəhərində Tərlan məni ayrı-ayrı vaxtlarda polis əməkdaşları Xəzər Cəbrayılov və Etibar Əliyevlə telefonda calaşdıran zaman sonunculara yalandan Tərlanla öz xoşu ilə getdiyimi bildirdi.
Həmin vaxt Tərlan üzərində gəzdirdiyi xəncəri mənim boğazıma dirəyərək, hədə-qorxu gəldi. Mən də yalan söyləməyə məcbur oldum. Tərlan mənim ailəmi dağıdıb, məni el içində rüsvay edib".
8 il cəza verildi
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş Samirə Məmmədova apelyasiya şikayəti verib.
Samirə Məmmədova birinci instansiya məhkəməsi tərəfindən Tərlan Babayevə təyin olunmuş cəza ilə razı olmadığını qeyd edib. O, Tərlan Babayevin cəzasının ağırlaşdırılmasını istəyib.
Təqsirləndirilən Tərlan Babayev də apelyasiya şikayəti verib. O, apelyasiya instansiya məhkəməsində işin istintaqla aparılmasını, barəsində olan cinayət işi üzrə ədalətli qərar qəbul edilməsini istəyib.
Şikayət edildi, cəza 1 il artırıldı
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Samirə Məmmədovanın şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Tərlan Babayevin cəzası 9 ilə qədər artırılıb. Tərlan Babayevin şikayəti isə təmin olunmayıb.
Bu qərardan narazı qalan Tərlan Babayev kasasiya şikayəti verib. O, kasasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan prosesdə şikayətin təmin olunmaması barədə qərar qəbul edilib.