Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2019 19:48
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbər heyəti aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Müdafiə naziri bölmələrdən birinin şəxsi heyəti üçün inşa edilən yeni yaşayış kompleksinin açılışında iştirak edib. Nazirə məruzə olunub ki, yaşayış kompleksi qaz, su, işıq və lazımi kommunikasiya xətləri, həmçinin yeni mebel dəstləri ilə təchiz eilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, tibb məntəqəsi, döyüş texnikası üçün saxlanc, avtopark, silah otağı, ideoloji otaq, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirdikdən sonra şəxsi heyətlə birlikdə nahar edib.
Sonra Müdafiə naziri qoşunların təmas xəttinə yaxın kəndlərdən birində yaşayan aprel döyüşləri zamanı şəhid olmuş Orxan Həmidovun ailəsini ziyarət edib. Görüşdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb, Azərbaycanın Prezidenti və Birinci vitse-prezidentinin bu istiqamətdə atdığı bütün addımlara və qəbul edilən qərarlara görə dərin minnətdarlıq ifadə olunub.
Şəhidin anası Tamilla xanım ailəsinə dövlət başçısı tərəfindən göstərilən diqqətə və Müdafiə naziri adından təqdim edilən hədiyyələrə görə təşəkkür edərək bildirib ki, hərbi qulluqçuların köməyi ilə oğlunun ailəsinin yaşadığı həyətə su çəkilərək “Orxan bulağı” inşa edilib.
Çay süfrəsi ətrafında davam edən söhbət zamanı şəhidin ailə üzvləri Azərbaycan Ordusunun qüdrətinə və qələbəsinə inamın böyük olduğunu qeyd edərək qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin bölmələrimiz tərəfindən etibarlı müdafiə olunduğunu və əhalinin hərbçilərimizə yüksək etimad göstərdiyini bildiriblər.
Cəbhəboyu zonaya səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin keçirdiyi görüşlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Milli Məclisin deputatı Aqil Abbas da iştirak ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin