Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Psixoloqlar məktəb direktorlarına çay daşımaqla məşğuldur'' - Məktəbli intiharları ilə bağlı ÇAĞIRIŞ

''Psixoloqlar məktəb direktorlarına çay daşımaqla məşğuldur'' - Məktəbli intiharları ilə bağlı ÇAĞIRIŞ

Tarix: 10 Mart 2021 13:06

2020-ci il martından sonra tədris prosesinin onlayn qaydada keçirilməsi, şagirdlərin bütün günü evə qapadılması və dostlar arasında ünsiyyətin azadılması onlarda çox ciddi psixoloji gərginlik yaradıb.

Sonxeber.net bildirir ki, bunu sfera.az-a təhsil eksperti Kamran Əsədov bildirib. K.Əsədov müxtəlif səbəblərin cari və ötənilki tədrisə ciddi təsir etdiyini vurğulayıb:

"Bu il 11-ci sinif şagirdləri bir gün belə məktəbə getmədən məzun olacaqlar. Onların yaş xüsusiyyətlərini nəzərə alsaq, bu halın mənfi təsir yaratması danılmazdır. Bu gün biz bir çox hallarda görürük ki, imtahan prosesi şagirdlərin əksəriyyətində ciddi gərginlik yaradır. Həm pandemiya həm də zəfərlə başa çatan müharibə şəraiti dərslərin keçirilməsinə öz təsirini göstərdi. Hesab edirəm ki, biz bu amili mütləq nəzərə almalı, uşaqlarla individual qaydada çalışmalıyıq".

Təhsil eksperti qonşu ölkələrdə məktəb psixoloqlarının fəaliyyətini yüksək qiymətləndirib. K.Əsədov Türkiyə məktəblərində psixoloqların işindən nümunə də gətirib:

"Əksər ölkələrdə məktəb psixoloqlarının üzərinə pandemiya dövründə ciddi məsuliyyət qoyulub. Məsələn, qardaş Türkiyədə psixoloqlar şagirdlərin psixoloji durumunu öyrənmək üçün onlarla testlər keçirir, sorğular aparır. Amma bizdə şagirdlərlə bu istiqamətdə heç bir iş görülmür. Hesab edirəm ki, məktəb psixoloqları mütləq şəkildə şagirdlərlə işləməlidir. Çox təəssüf ki, indi psixoloqların çoxu məktəblərdə direktora çay daşımaqla ya da kargüzarlıqla məşğuldur.

Məktəblərin mütləq əksəriyyətində psixoloq ştatına ayrılan yer də çox azdır. 100 şagirdi olan məktəbə də bir yer ayrılır, 1000-2000 şagirdi olan məktəbə də... Bundan əlavə psixoloqlarımızın təcrübə və təhsilləri də yerində olmur. 3-5 ay kurs oxuyan biri gəlib, məktəbdə psixoloqluq etməməlidir. Qeyd etdiyim ki, qonşu ölkələrdə psixoloqların üzərində çox ciddi məsuliyyət və nəzarət var". 

Təhsil eksperti psixoloqların yuxarı sinif şagirdləri ilə işləməli olduğunu qeyd edib:

"İndiki məqamda psixoloqlar buraxılış imtahanı ilə əlaqədar yuxarı siniflərlə daha çox işləməlidir. Artıq həyəcan təbili çalmağın vaxtıdır. Əgər psixoloqlar şagirdlərlə aktiv işləsələr, onlar intihar həddinə gəlib çıxmazlar. Heç kim birdən-birə intihar etmir, bu mərhələyədək insan müəyyən probelmlər yaşayır. Buna görə də şagirdlərin, yeniyetmələrin psixoloji durumu mütləq şəkildə izlənməlidir. Amma bizim psixoloqlarımız şagirdləri izləmir, buna görə də xoşagəlməz halların şahidi oluruq".


Etiketlər:  Psixoloqlar məktəb direktorlarına çay daşımaqla məşğuldur Məktəbli intiharları ilə bağlı ÇAĞIRIŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ