Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2021 13:26
Kənd müharibənin ilk günü - sentyabrın 27-si işğaldan azad edilib.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, işğaldan azad edilən ərazilərə səfərimiz Qaraxanbəyli kəndindən başladı. Bu da təsadüfi deyil. Çünki, Müzəffər Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm zəfərin əsası məhz bu kəndin azad olunması ilə qoyulub.
Kənd müharibənin ilk günü - sentyabrın 27-si azad edilib və bundan sonra əsgərimiz öz şərəfli missiyasını uğurla davam etdirərək düşmən ordusunu son nəfərinə qədər torpaqlarımızdan qovub.
Kəndə gəlincə, o, 30 il işğal altında olan digər kəndlərdən heç nə ilə fərqlənmir. Xarabaya çevrilmiş evlər, dağıdılmış yollar...
Səfərimizin növbəti dayanacağı Prezident tərəfindən təməli qoyulan Füzuli-Hadrut avtomobil yoludur.
Qeyd edək ki, bu yolun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə isə müharibədən dörd ay keçməsinə baxmayaraq artıq bir neçə yol layihəsi icra edilməkdədir.
Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Eyni zamanda yaxın gələcəkdə Bərdə-Ağdam yolunun, Horadizdən də Zəngilana qədər yolun çəkilişi planlaşdırılır.
Səfərimiz davam edir. Yolboyu yenidən kol-kos basmış döngələr, viranəyə çevrilən evlər bir-birini əvəz edir. Amma bu qədər kədərli mənzərənin fonunda, parıldayan bir tək Zəfər yolu var idi. İnanırıq ki, bu yolun işığı tezliklə bütün azad olunmuş kənd və şəhərlərimizə düşəcək və onlara ikinci nəfəs gələcək. Artıq Xocavənd rayonuna daxil oluruq. Baş çəkdiyimiz ilk kənd Axulludur. Təbiət sanki bu kənddən heç nəyini əsirgəməyib.
Kəndin içi ilə çəkilən yol diqqətimizi cəlb etdi. Burda istifadə olunan daşların, ermənilər tərəfindən viran qoyulmuş evlərə aid olduğu güman edilir. (interşum)
Səfərimizin ən maraqlı məqamı tarixi Azıx mağarasına səyahətimiz oldu. Xeyli enerji sərf edərək 800 pilləkəni qalxıb mağaraya yetişdik. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən Azıx mağara kompleksinin sahəsi 800 km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü hətta 20-25 metrə qədərdir.
Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunub. 1968-ci ilin iyununda, tədqiqatların gedişində Azıx düşərgəsində bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə sümüyü aşkar olunub. Həmin çənə sümüyünün 350-400 min il yaşı olduğu güman edilir. İşğal dövründə ermənilər mağaradan silah-sursat anbarı kimi istifadə ediblər.
Xocavəndə səfərimiz çərçivəsində növbəti dayanacağımız, hər daşında tarix gizlənən Tuğ kəndi oldu. Alban məbədləri ilə zəngin bu kənd də erməni vandalizminin qurbanı olub:
Səfərimizin son dayanacağı Xocavənd rayonunun Hadrut qəsəbəsi oldu. İşğal dövründə bura ermənilərin ən sıx məskunlaşdığı yaşayış məntəqələrindən biri olub. Amma buna rəğmən bu qəsəbədə də abadlıq işləri, firavan həyatın hər hansı bir işartısı gözümüzə dəymədi. Yalnız uçulub dağılmış evlər, sıradan çıxmış yollar....