Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 14:28
İsrailin "Meteor Aerospace" hərbi sənaye şirkəti Azərbaycanda Caspian Ship Building Company (Bakı Gəmiqayırma Şirkəti) ilə birgə müəssisə yaradıb.
Sonxeber.net virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə "İsrael Defense" jurnalı şirkətin yaydığı məlumata istinadən bildirir. Məqsəd Azərbaycanın milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir.
Məlumatda deyilir ki, hər iki şirkət Azərbaycanın müdafiə sahəsinin və sənayesinin ehtiyacları üçün geniş spektrdə həllər təklif etmək üçün yaxşı imkanlara və unikal üstünlüklərə malikdir. "Meteor Aerospace" bildirir ki, bu əməkdaşlığın həyata keçirilməsi üçün Azərbaycanda "Caspian Meteor" adlı yeni birgə müəssisə yaradılıb. (https://www.caspianmeteor.com/)
"Bakı Gəmiqayırma Zavodu" MMC artıq İsrail şirkətləri ilə birlikdə hərbi gəmilərin inşaatını həyata keçirir.
"Meteor Aerospace" şirkəti isə hərbi sahədə geniş spekrdə müdafiə sistemləri işləyib hazırlayır. Bura maksimal yükgötürmə qabiliyyəti 1400, faydalı yük götürmə qabiliyyəti 700 kiloqram olan böyük pilotsuz uçan aparatlar, sürəti saatda 60 uzla çatan sürətli, pilotlu və pilotsuz gəmilər, pilotsuz yerüstü avtomobillər, yüksək dəqiqlikli, böyük radiusa malik, böyük məsafələrdən ağır zərbələr endirmək imkanları olan raketlər daxildir.
"Meteor Aerospace" 2013-cü ildə biznesmen İshaq Nissan tərəfindən təsis edilib, hazırda o şirkətin idarə heyətinin sədri və baş icraçı direktorudur. Daha əvvəl İshaq Nissan digər iri hərbi sənaye şirkəti olan "İsrael Aerospace Industries" (IAI) şirkətinin baş direktoru və prezidenti olub. Və İsraildə və dünyada müdafiə və aerokosmik sahədə 30 illik iş təcrübəsinə malikdir.
İshaq Nissan əsas silah sistemlərinin, o cümlədən hava hücumundan müdafiə təyinatlı və hücum təyinatlı raketlərin, pilotsuz uçan aparatların, peyklərin, ballistik raketlərə qarşı raketlərin və radarların işlənib hazırlanmasına, istehsalına başçılıq edib.
Qeyd edək ki, F-35 beşinci nəsil döyüş təyyarələri şirkətin istehsal etdiyi "Meteor" raketləri ilə təchiz olunub.