Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 16:12
Bakı. Elçin Mehdiyev – Trend:
Baş Nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Əli Əhmədov regionlarda formal və qeyri-formal məşğulluqla bağlı vəziyyəti açıqlayıb.
Trend-in məlumatına görə, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının rayon (şəhər) məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə keçirilən ikinci müşavirədə Baş Nazirin müavini, Komissiyanın sədri Ə.Əhmədov qeyd edib ki, regionlarda vəziyyət müxtəlifdir:
“Bu göstəricinin yüksək olduğu rayonlardan danışsaq, məsələn, Ağcabədidə formal, rəsmi məşğul olan əhalinin bütövlükdə məşğul olan əhaliyə nisbəti 61,60 faiz, Qəbələdə 52,2 faiz, Şəkidə 51,5 faiz, Xaçmazda 50,7 faiz, Abşeronda 50,6 faizdir. Bu rayonlarda göstəricilər 50 faizdən yüksəkdir. Digər rayonlarda isə bu göstərici 50 faizdən aşağıdır. Amma bəzi rayonlar var ki, o rayonlarda nisbət bizi qane etmir. Ən aşağı göstəricisi olan rayonların adlarını çəkəcəyəm. Amma bu, o demək deyil ki, digər rayonlardakı göstəricilər bizi qane edir”.
Ə.Əhmədovun sözlərinə görə, formal, rəsmi məşğul olan əhalinin bütövlükdə məşğul olan əhaliyə nisbətində ən aşağı göstəriciləri olan rayonlar Yardımlı (26,5 faiz), Qobustan (25,8 faiz), Hacıqabul (22 faiz) rayonlarıdır: “Yüksək nəticəyə malik olmayan rayonlar vəziyyətdən müvafiq nəticə çıxarmalıdırlar”.
Baş nazirin müavini əlavə edib ki, Azərbaycanda sahibkarlar da daxil olmaqla, qanuni əsaslarla formal əməklə məşğul olan əhalinin sayı 1 min 721 min 976 nəfər təşkil edir.
Onun sözlərinə görə, bura kənd təsərrüfatı sahəsində məşğul olanlar daxil deyil: “Bunların 1 milyon 503 min nəfəri muzdlu işçilər, qalanları isə sahibkarlıqla məşğul olanlardır. Bunun 1 milyon 36 min 484 nəfəri Bakı şəhərindədir. Ölkə üzrə formal məşğulluq bütövlükdə məşğul əhalinin 57,3 faizini təşkil edir. Bu göstərici o qədər də böyük deyil, məqsədimiz bu göstəricini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır. Bakı üzrə isə formal məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti ürəkaçandır. Bakıda formal, rəsmi şəkildə məşğul işçilər bütövlükdə məşğul əhalinin 93,8 faizini təşkil edir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin