Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni sevdası, yoxsa... - Bütün hüquqları pozan beynəlxalq təşkilat

Erməni sevdası, yoxsa... - Bütün hüquqları pozan beynəlxalq təşkilat

Tarix: 29 Mart 2021 09:21

44 günlük Vətən müharibəsindən bəri Ermənistan tərəfindən spekulyasiyalar kifayət qədər böyük miqyasda davam edir. Savaş bitəndən sonra düşmən tərəfindən törədilən təxribatlar və terror aktları nəticəsində 4 hərbi qulluqçu və bir mülki şəxs pusquya düşərək həlak oldu, bir neçə nəfər isə yaralanıb. Bu hadisədən sonra Azərbaycan Ordusunun və güc strukturlarının birgə antiterror əməliyyatı nəticəsində bir neçə terrorçu ümumiyyətlə zərərsizləşdirildi, 60-dan çox silahlı isə əsir götürüldü. Həyasızlığından əl çəkməyən erməni tərəfi həmin şəxsləri hərbi əsir adlandırmağa çalışmaqla məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra Azərbaycan ərazisində ələ keçirilən silahlılar necə hərbi əsir adlana bilər? 

Rusiyanın vasitəçiliyi ilə imzalanan 10 Noyabr bəyanatı Qərb dövlətlərində də rəğbətlə qarşılanmışdı. Ancaq indi məsələnin qanunvericilik dəhlizlərinə adlaması fərqli mətləblərdən xəbər verir. Belə çıxır ki, təxribat və terror fəaliyyəti ilə məşğul olan Ermənistan tərəfindən Qarabağ ərazisinə göndərilən və ələ keçirilən erməni sabotaj qrupunun üzvlərini hərbi əsir adlandırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Azərbaycan hərbi əsirlərin hamısını Ermənistandan da tez qarşı tərəfə təhvil verib. Lakin Ermənistan və başqa ölkələr tərəfindən Azərbaycana qarşı yersiz spekulyasiyalar dayanmadan artır. Həmin spekulyasiv gedişlərin nəticəsi olaraq ABŞ Konqresinin üzvlərindən olan Adam Şif məsələni yenidən aktuallaşdıraraq Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etdi. Sonra siyasi sifarişlər yerinə yetirdiyi hamıya məlum olan beynəlxalq hüquq müdafiəsi təşkilatları arasında ən çox tanınan mərkəzi mənzil-qərargahı ABŞ-da yerləşən, dünyanın 70-dən çox ölkəsində təmsilçiliyi olan Human Rayts Votç (Human Rights Watch) təşkilatı rəsmi Bakını "hərbi əsirlərlə" Cenevrə Konvensiyalarına uyğun rəftar etməməkdə təqsirləndirdi. Bu bəyanatda ikili standartlar və riyakar yanaşma özünü çılpaqlığı ilə büruzə verdi. Çox keçmişə başvurmadan ermənilərin istər keçən əsrin 80-ci illərindən, istərsə də I Qarabağ müharibəsi zamanı azərbaycanlılara, əsirlərimizə qarşı törətdikləri vəhşiliklər bu zamana kimi sözükeçən təşkilatlar tərəfindən nəinki haqlı reaksiyasını alıb, heç araşdırılmayıb. Belə faktlardan biri: 1988-ci ildə indiki Ermənistanın (Qərbi Azərbaycan) Quqark rayonunda 80 azərbaycanlı - Türk uşağını bir boruya dolduraraq borunu hər iki tərəfindən qaynaq etmişlər. Uşaqların 79-nu diri şəkildə boruya doldurduqdan sonra 80-ci uşağı yerləşdirə bilmədiklərindən onu parça-parça edərək boruya soxublar. Həmin dəhşətli hadisəni 1988-ci ildə yurd-yuvasından didərgin salınmış qadın KİV-ə açıqlamasında deyib. Ermənilərin başımıza gətirdikləri faciələri dərindən araşdıran, əslən Qərbi Azərbaycandan olan Sənubər Sarallının söylədiyinə görə boruya doldurulan uşaqlar dövlətin himayəsində olan yetim uşaqlar imiş. Ermənilər bundan öncə 14-15 yaşlı uşaqları borunun içinə doldurmaq istəyirdilər. Uşaqlar boruya yerləşmədiyindən onları maşına mindirərək guya ki Azərbaycana göndərmək adı ilə harasa apardılar. Bu günədək həmin uşaqlardan heç bir məlumat yoxdur. Daha sonra ermənilər azyaşlı uşaqları gətirərək boruya doldurub hər iki tərəfdən qaynaq etmişdilər. Bu dəhşətin üstünü fransızların özləri ilə gətirdikləri təlim görmüş itlər açmışdılar.

Fransızların təkidi ilə ermənilər məcbur olub borunu açdıqda onlar ermənilərin qeyri-insani hərəkətindən dəhşətə gəldilər. Ermənilər fürsət tapıb həmin iti fransızlardan oğurlayıblar. Ermənilərlə fransızlar arasında inciklik düşdüyündən fransızlar Ermənistanı tərk edərək Parisə qayıtmış, gördükləri dəhşəti "Humanite" qəzetində dərc etmişdilər. Hələ I Qarabağ müharibəsi əsir düşən 3890 azərbycanlının (3171-i hərbiçi, 719-u mülki şəxs, 71 uşaq, 267 qadın, 326 yaşlı) taleyindən bu günə qədər məlumat yoxdur. Qeyd olunan cinayət hadisələrində adları çəkilən haylar hətta interpola verilməsinə rəğmən bu günə kimi hansısa bir əməli-praktik addımın şahidi deyilik.

Bəs erməni təəssübü çəkən beynəlxalq hüquq müdafiəsi təşkilatı Human Rayts Votç təşkilatı, beynəlxalq hüquq müdafiəçiləri bu rəqəmləri niyə görməzdən gəlir?

"Human Rights Watch" tərəfindən erməni əsirlərə qarşı pis rəftar olduğunu iddia edən son hesabat Azərbaycan XİN-in reaksiyasında da göstərildiyi kimi bitərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir. Əsassız dəlillərə və yoxlanılmayan faktlara əsaslanan bu cür hesabatların sistematik olması onların etibarlılığını şübhə altına alır.

Bu kimi ittihamlar səsləndirən dairələrin beynəlxalq hüquq prinsiplərini açıq şəkildə, özü də bilərəkdən pozmaqla eynimotivli məsələləri fərqli ölkələr üçün fərqli konteksdə şərh etməklə nəyə ümid etdikləri hələ də qeyri-müəyyən və qaranlıq olaraq qalır.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Erməni sevdası yoxsa Bütün hüquqları pozan beynəlxalq təşkilat


RƏYLƏR