Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşməndən növbəti həyasızlıq - Azərbaycan aman verməyəcək...

Düşməndən növbəti həyasızlıq - Azərbaycan aman verməyəcək...

Tarix: 29 Mart 2021 17:30

Müharibələr qədim sivilzasiyalar arası, əsirlərdən bəri bizə gəlib çatan mədəni irsin taleyini sual altına qoyur. Erməni vandallarının 200 ildən artıq bir müddətdə İrəvanda, 30 il ərzində işğalda saxladığı torpaqlarda törətdiyi mənəvi terrorlar, dağıtdığı zəngin dini və mədəni abidələr buna misaldır. Amma çox təəssüf ki, YUNESKO, Avropa Şurası kimi təşkilatlar erməni vandalizminə ikili standartlardan yanaşırlar.

Azərbaycanın 44 günlük müharibədən qalib ayrılması 30 illik vətən həsrətinə son qoymaqla yanaşı Ermənistanın bir çox cinayət əməllərini, vandalizmini, insanlığa sığmayan vəhşiliyini dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyətə malik oldu. 30 illik işğal dönəmində daşı-daş üstə qoymayan düşmənin törətdiyi vəhşiliklər xüsusilə Ağdam və Füzulidə özünü büruzə verir. Bir çox diplomatik korpusların və əcnəbi jurnalistlərin səfərləri zamanı bölgəni "Qafqazın Xirosiması" adlandırmaları oradakı ümumi vəziyyəti təsəvvür etməyə imkan verir. 

Sonu və miqyası görünməyən vandalizm budur. Başqa bir dövlətin ərazisini işğal, sərvətlərini talan edəsən, abidələrini məhv edəsən, hələ üstəlik həmin ərazilərdə saxta tarix də yaradasan. Ən dəhşətlisi isə səni o ərazilərdən rədd edəndə dünyaya car çəkib "Bizim abidələrimizi dağıdırlar" qədər həyasız bir davranış tərzi ortaya qoymaqdır. Ermənilər bunu hər kəsdən yaxşı bacarır. Bəs, erməni tərəfi hansı ixtiyarla özünə aid olmayan həmin torpaqlarda əsirlər öncə tikilən abidələri özəlləşdirir, yaxud da nəsə tikir?! İti qovan kimi qovulanda isə həmin tikililəri dünya mədəni irsi kimi təqdim etməyə başladılar.

Elə Cəbrayıl rayonunda güya tarixi erməni kilsənin dağıdılması ilə bağlı BBC-nin yayımladığı qərəzli kadrlar da dediyimin təsdiqidir. Ermənistanın bu cəhdi düşmənin nə qədər hiyləgər olduğunu və bu regiona barışıq, sülh üçün gəlmədiklərini bir daha sübut edir. Hərbi əməliyyatlar zamanı həmin tikiliyə zərbə dəymişdi. Fakt isə faktlığında qalır ki, həmin tikilinin hər hansı dini və ya mədəni təyinatı yoxdur. Ermənilər işğal etdikləri ətazilərdə bütün mülki, dini, mədəni obyektləri dağıdıblar və indi Azərbaycanın erməni vandalizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda apardığı işə zərbə vurmaq üçün belə mövzuları gündəmə çıxarmağa və beynəlxalq ictimai rəy çaşdırmağa cəhd göstərirlər.

Hələ 2016-2017 ci illərdə Ermənistan mediasında Cəbrayılda bu tikinti ilə bağlı məlumat getmişdi. Həmin vaxt Azərbaycan XİN buna münasibət bildirmişdi və qeyd edilmişdi ki, ermənilər heç vaxt Cəbrayılda yaşamayıblar, işğal altında olan ərazilərdə qanunsuz tikinti aparılması, o cümlədən mədəniyyət və dini obyektlərin tikintisi qeyri-qanunidir, Cenevrə konvensiyalarının və beynəlxalq humanitar hüququn tələblərinə ziddir, onların kobud şəkildə pozulmasıdır. Həmin vaxt ATƏT MQ həmsədrlərinə müraciət olundu ki, onlar yerində bu məsələyə baxsınlar və araşdırsınlar. Həmsədrlər yerində monitorinq apardılar, kiısənin tikintisini təsbit etdilər və bunun qeyri-qanuni olduğunu bildirdilər. Hətta göstərildi ki, bu, əslində kilsə deyil, əskərlərin ibadəti üçün nəzərdə tutulmuş obyektdir. Buna görə də onu kilsə yox, əskərlərin ibadət yeri adlandırılması lazımdır. 

Əlbəttə, mədəni irsin qorunması sülh, birgə yaşayış üçün olduqca vacibdir. Azərbaycan praktik addımları ilə bunu sübuta yetirir, amma sözügedən ibadətgah beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqlarda Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilib. Ona görə də 5 il bundan qabaq tikilən və inşası tam şəkildə işğalçı qüvvələrə xidmət etmək məqsədi daşıyan ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Düşməndən növbəti həyasızlıq Azərbaycan aman verməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ