Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbii sərvətləri, səfalı təbiəti ilə seçilən Kəlbəcər - VİDEO

Təbii sərvətləri, səfalı təbiəti ilə seçilən Kəlbəcər - VİDEO

Tarix: 3 Aprel 2021 11:54

28 il öncə bu gün Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunmuşdu. Həmin ərəfədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, uzun illər həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi. Lakin öz gücümüz sayəsində BMT qətnaməsini də özümüz icra etdik. Vaxtilə "işğal olunmuşdu" dediyimiz mühüm və strateji əhəmiyyətli Kəlbəcər rayonu artıq azaddır. Bizim olan yenidən bizimdir. 

Təbii sərvətləri, səfalı təbiəti ilə seçilən Kəlbəcər.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 1993-cü ilin bu günü 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdı. 

Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Aprel ayının 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etdi. 822 saylı qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi.

Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmişdi və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etmirdi. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilmirdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı.

Aradan 27 il keçir və Azərbaycan Ordusu əks-hücum əməliyyatları çərçivəsində başlanan Vətən müharibəsində Ermənistan ordusunu diz çökdürür, bu ölkənin siyasi rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur edir. Beləliklə, düşmən ayağı Kəlbəcərdən kəsilir..

Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərə böyük köç ərəfəsindədir. İllərlə davam edən həsrətə son qoyulur. Kəlbəcər rayonu da öz doğma sakinlərini qəbul etməyə hazırlanır.


Etiketlər:  Təbii sərvətləri səfalı təbiəti ilə seçilən Kəlbəcər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ