Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 17:00
"Türkiyəyə düşmən münasibətimizdən qurtulmaq üçün bəlkə indi tarixi şansımız var. Bu dəyişiklik, məsələn, türkiyə ilə praqmatik ümumi maraqlarımızla bağlı minimal müzakirələr ola bilər".
Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan "Aravot"un "Qırmızı xətt" proqramında belə deyib.
"Türkiyə ilə münasibətlərin normallaşmağına başlamağımız əslində konstruktivliyin nümayişi olacaq. Axı bizə konstruktiv davranmağa mane olan nədir?!", - L.Nazaryan söyləyib.
Onun sözlərinə görə, iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi qüvvələr konkret mövqe göstərməlidir. L.Nazaryan hesab edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxması üçün zaman yetişib: "Türkiyə ilə münasibətlər məsələsində Ermənistan praqmat və çevik yanaşma göstərməlidir".
Ermənistan parlamentinin vitse-spikerinin bu açıqlaması ölkədə birmənalı qarşılanmayıb. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər, Rusiyadakı erməni diasporunun maliyyələşdirdiyi və idarə etdiyi Telegram-kanallar, "müstəqil şərhçilər" və "vətənpərvərlər" Lena Nazaryanın cəzalanmasını, hətta ölkədən qovulmasını və Ermənistan vətəndaşlığından məhrum edilməsini tələb ediblər.
Sosial şəbəkələrdə isə Lena Nazaryana təcavüz ediləcəyini və hətta, onun qətlə yetiriləcəyini yazırlar.
L.Nazaryan ünvanına gələn ölüm təhdidləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini hələ açıqlamayıb.
Orxan Hun