Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 22:54
Xaçmaz rayonunun Bayoba kəndindən olan şəhid Vahid Baxşıyev Murovdağ zirvəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 21 yaşlı Vahid Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəşfiyyatçı Qorxmaz oktyabrın 30-da yanında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Anası Mehri Baxşıyeva bildirir ki, Vahidin hərb elminə böyük həvəsi vardı. "Çox gözəl övlad idi. Bir sözümüzü iki etməzdi. Evimizin sonbeşiyi idi. Şeir yazırdı. Müharibə vaxtı hər gün danışırdıq. Vahid özündən muğayat ol deyirdim. Məni aldadırdı ki, guya döyüşlərə girmir. Təlimlərdən sonra evə gəlmişdi. Çantası 60-70 kiloqram olardı. Həmin çanta ilə dağlara çıxırdılar. O mənim başımı ucaltdı. Vətənpərvər idi, müharibədən, erməniləri torpaqlarımızdan qovmaqdan danışırdı. Şəhid olan günü telefonla danışdıq. Günorta saat birdə zəngləşdik. Atası, qardaşı ilə zarafatlaşıb güldülər. Bir-iki saatdan sonra şəhid olub. Məndən gizlətmişdilər", - deyə Mehri Baxşıyeva söyləyib.
Vahid döyüşlərin ilk günlərində Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Daha sonra cəbhənin digər istiqamətlərində yaşayış məntəqələrinin işğalına son qoyulması üçün irəli atılan birləşmələrdə yer alıb.
"Sakit uşaq idi. Məktəbdə oxuyanda vaxtından əvvəl əsgərliyə getmək istəyirdi. Vaxtı çatanda hərbi xidmətə yollandı. Xidmətini başa vurandan sonra da öz istəyi ilə hərbidə qaldı. Xeyirxahlığı ilə də seçilirdi. Maaşında imkansız ailəyə kömək edirmiş. Şəhid olandan sonra bu barədə bildik. Keçən ilin yanvarından hərbidə çalışmağa başlamışdı. Döyüşlər vaxtı bizə ətraflı məlumat vermirdi. Yalnız onu deyirdi ki, əmr gözləyirik. Halbuki od-alovun içində döyüşürdü. Son savaşdan qabaq da zəng eləmişdi. Hər şey yaxşıdır dedi. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin atası Meclum Baxşıyev söyləyir.
"Vahidin musiqiyə, incəsənətə marağı vardı. Şeirlər yazırdı, rayonda mədəni tədbirlərdə iştirak edirdi. Fəxri fərmanla təltif olunub. Şəhid olması xəbərini noyabrın 1-də eşitdim. İşdə idim. Əmim zəng edərək xəbər verdi. Ürək nahiyəsindən qəlpə yarası alıb. Döyüş yoldaşlarının dediyinə görə yanında mərmi partlaması nəticəsində şəhid olub. Vətən sağ olsun!", - deyə şəhidin qardaşı Mahir Baxşıyev bildirib.
Şəhid Vahid Baxşıyev ölümündən sonra "Vətən uğrunda medalı" ilə təltif olunub.