Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 18:08
Son günlər yoluxma statistikası yenidən narahatlıq doğurmaqdadır. Prosesin nəzarət altına alınması üçün preventiv tədbirlərin görülməsi vacibdir.
Müəyyən istisnalarla artıq, demək olar ki, bütün Avropada karantin tədbirlərinin sərtləşməsi prosesi müşahidə olunmaqdadır. Bu mənada düşünürəm ki, sərt karantin bizdən də yan keçməyəcək.
Sonxeber.net xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, qapanmalar mərhələli şəkildə olmalıdır:
"COVİD-19-a, demək olar ki, hamımızın ətrafından kimsə yoluxub, yəni inanıb-inanmamaq kimi bir baryerimiz yoxdur. Bu mənada hesab edirəm ki, atılacaq addımlarımız daha məsuliyyətli və düşünülmüş olmalıdır. Əgər qapanmaya gedəcəyiksə, bu dəfə iaşə obyektərinin üzərində dayanmamalıyıq.
Bərbərxanalardan, kafe və restoranlara, paltar mağazalarına qədər heç birinin fəaliyyətini dayandırmaq olmaz. Biz sms-icazə ilə bərabər sadəcə nəzarət tədbirlərini də gücləndirməliyik. Mən inanmıram ki, insanların bir-birindən uzaqda oturduğu hansısa kafe tam dolu şəkildə gedən avtobuslardan daha təhlükəli olsun.
Deputat qapanmalarla bağlı öz təklifini də səsləndirib. O deyib ki, koronavirusla yaşamağı öyrənməliyik:
"Biz artıq COVİD-19-la birgə yaşamağı öyrənməliyik. Minimum tələblərə əməl etməklə tam təhlükəsiz şəraitdə yoluxmadan yaşaya bilərik.
Qapanma dövlətimiz üçün də yükdür, yəni elə etməliyik ki, iqtisadiyyatımız da nəfəs alsın. Bu baxımdan məhdudiyyət daha çox fərdi nəzarətə yönəlməlidir. Yəni, yoxlamalar daha da gücləndirilməlidir.
Bu həm də dövlətimizi hazırkı böyük qayıdış ərəfəsində əlavə maliyyə yükündən nəinki qurtarar, həmçinin vergi daxil olmalarına müsbət təsir edər. O cümlədən, yollarda postların qurulması, uzun tıxacların yaranmasına kimi gərginlik yaradan tədbirlərdən çəkinməliyik.
Bundan başqa sms icazənin tətbiqində də yanaşmanı dəyişməliyik. Şəhərlərdə, yaxud rayon mərkəzlərində demirəm, amma kənd yerlərində indiki əkin çağlarında SMS icazə tətbiqi məsələsində ağlabatan bir yol tapılmalıdır".
Deputat deyib ki, dövlət öz üzərinə düşən bütün tədbirləri görüb:
"Fürsətdən istifadə edib bir məqama da xüsusi toxunmaq istəyirəm. Nəzərə alsaq ki, Azərbaycan dünyada vaksinasiya prosesinə ilk başlayan dövlətlərdəndir. Bu istiqamətdə MDB məkanında liderik, yəni dövlət üzərinə düşəni edir və edəcək də.
Karantin bütün subyektlərdən daha çox dövlət üçün əlavə problem deməkdir. Bu mənada məhdudiyyət tədbirlərinin siyasiləşdirilməsinə yaxud proseslə bağlı digər əlaqəli məsələlər ətrafında manipulyasiyalar edilməsinə yol verməməliyik. Belə bir vəziyyəti siyasi fürsətə çevirmək cəhdi dövlətə xəyanətdir".