Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni fındıq bağı hansısa məmura məxsusdur? - Nazirlikdən reaksiya

Yeni fındıq bağı hansısa məmura məxsusdur? - Nazirlikdən reaksiya

Tarix: 7 Aprel 2021 16:26

İqtisadçı ekspert Qubad İbadoğlu Şəki rayonunun Biləcik kəndində qurumuş çay yatağında fındıq bağının salınması ilə bağlı öz feysbuk səhifəsində məlumat paylaşıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ərazidən foto yayan iqtisadçı bildirib ki, həmin yerdə torpaq olmadığından bağ salınması faydasız olacaq. 

Ekspert iddia edib ki, ərazi yüksək çinli məmura məxsusdur və buna görə dövlət büdcəsindən böyük məbləğdə subsidiya alacaq: "Dünən kənd təsərrüfatı naziri İnam Kərimov bu daşlıqda salınmış intensiv fındıq bağının açılışını edib. Şəkildən də göründüyü kimi burada torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, orda olsa-olsa kol-kos bitər. Bəs o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var?

Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik. Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə "müstəsna hüququ" var. Azərbaycanda subsidiyalarla bağlı qərarları (subsdiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara görə müəyyənləşdirilən subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı susbsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı və sair) İnam Kərimovun sədri olduğu Subsidiya Şurası verir".

Ekspertin sözlərinə görə, meyvə bağlarına onsuz da hektara görə subsidiya verilirdi: "2021-ci ildən isə 6 növ meyvə bitkisi (o cümlədən, fındıq) üzrə yeni intensiv bağların salınması üçün xərcləri kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası da veriləcək.

İqtisadçı həmçinin bir neçə gün əvvəl kənd təsərrüfatı nazirinin iştirakı ilə Şəkinin Bideyz kəndində 320 hektar ərazidə salınan fındıq bağına dövlət büdcəsi hesabına veriləcək subsidiyanın məbləğini hesablayıb:

"1. Bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat - 320 ha X 730 manat = 233 600 manat;

2. 4 ildən sonrakı illər üzrə hər hektara 250 manat - 320 ha X 250 manat = 80 000 manat

3. İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat - 320 X 4 400 manat = 1 408 000 manat.

Gördüyünüz kimi kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq".

Məsələyə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri  Vüqar Hüseynov münasibət bildirib. O, sözügedən paylaşıma şərh yazaraq belə faktın olmadığını deyib:

"Əlinizdə salınan bağın hansısa məmura məxsus olduğuna dair əsas, fakt-sübut var? Varsa, o məmurun adını çəkin, biz də bilək.

İkincisi, adi sahələrdə intensiv fındıq bağlarının salınması hər hektara 15-16 min manata, bu cür daşlıq ərazilərdə bir hektar bağın salınması ən azı 18 min manata başa gəlir. Bu 18000 manata ərazinin daşlardan təmizlənməsi, sahənin hazırlanması, tinglərin basdırılması, gübrə verilməsi, budamanın aparılması, işçilərin əmək haqqı, elektrik məsrəflərinin ödənilməsi, maaşların verilməsi və sair aiddir". 

Nazirlik rəsmisi qeyd edib ki, dövlət çay yatağında salınan fındıq bağına çəkilən xərcin 25 faizini qarşılayır: "Hesablamaq çətin deyil, daşlıq ərazidə, çay yatağında 320 hektar intensiv fındıq bağının salınmasına ən azı 5 milyon 760 min manat sərf olunub. Dövlət bu xərcin təxminən 25 faizini qarşılayırsa, bunun nəyi pisdir? O ərazilərin elə çatlaq yeri, daşlıq ərazi olaraq qalması yaxşıdır, yoxsa dövlətin də bir qism xərcləri kompensasiya etməsi ilə investisiya yatırılaraq fındıq bağı salınması?"


Etiketlər:  Yeni fındıq bağı hansısa məmura məxsusdur Nazirlikdən reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ