Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 14:14
O, Allahın Ona verdiyi ən qiymətli dəyərə - göz-könül toxluğuna görə özünü həmişə bəxtəvər sayıb.
O, şükürlü olduğuna görə tamah, nəfs heç vaxt ona yaxın düşə bilməyib.
O, həmişə özgənin uğuruna özününkü qədər sevinib, özgənin kədərini, dərd-sərini özününkü qədər "əzizləyib".
O, həmişə "ala qarğa" ömrü həsrətilə qovrulanlardan fərqli olaraq, Yaradandan təkcə sağ can, rahat ömür diləyib, Tanrının yaşam payına ən ağır, ehtiyaclı günlərində belə asi düşməyib. Hər keçən saat, gün üçün Yeri-göyü xəlq eləyənə minnətdar olub.
O, heç vaxt Səməd Vurğunun "Arxalıya arxa olma, deyərlər ki, yamaqdır. Arxasıza arxa ol ki, qoy desinlər dayaqdır" deyimini unutmayıb.
O, ad-şad günlərində Ona uğur arzulayanların dilindən eşitmək istəyib: "Şair dediyi kimi, mənə 100 il ömür arzulamayın. Arzulayın ki, qapı döyüləndə özüm durub aça bilim. Arzulayın ki, adım yaxşılığa, xeyirxahlığa çəkiləndə övladlarım sevinsin, fərəhlənsin. Arzulayın ki, xalqımın, millətimin dincliyi, rahatlığı heç vaxt pozulmasın, Qarabağ nisgili tezliklə başa çatsın. Arzulayın ki, yolundan azmışlar imana-dinə gəlsinlər...".
***
Haqqın yanında olmaq, sözü üzə demək, ətrafdakı, qonşuluqdakı, doğmalar arasındakı narahatlığı sezmək, dərdə çarə axtarmaq, laqeydliyə, biganəliyə düşmən kəsilmək, xeyirxahlıq, saf əməl, ülvi niyyət - bütün bu əxlaqi prinsiplər Ona kökdən, candan-qandan gəlib.
Bu keyfiyyətlər təkcə Onu deyil, Onun nəsil-nəcabətini zamanın burulğanlarından qoruyub, xilas edib. Babasının repressiya qurbanı olması üzündən Sovet hökumətinin onun da ailəsinə qısqanc yanaşması, bu səbəbdən doğmalarının ağrı-acılarla yaşaması, bəraət alandan sonra isə çalışmaq, əziyyət çəkmək, alın təri hesabına dolanışıq, gün-güzəran qurmaları, bir-birinə həyan durmaları Ona da güc-qüvvə verib, möhkəmlədib, çətin, ağır, məşəqqətli günlərində sınmağa, əyilməyə, ruhdan düşməyə qoymayıb.
Bax, bir vaxt dediyi sözləri indi yuxarıdakı fikrin təsdiqi kimi sitat gətirirəm: "Yaşadığım binada gözətçilər var. Bayram günlərində onların yeməyi verilmədən bizim evdə qazan asıla bilməz... Böyüdüyüm ailədə həmişə birlik, bütövlük, səmimiyyət olub. Bir tikəni bir neçə yerə bölüb yemişik. Uzun illər kirayədə yaşamışam. Xarakteri ağır bir qadının evində evsizliyin dəhşətini görmüşəm...".
Parlamentdə xalq, dövlət naminə qətiyyətli, cəsarətli fikirlər səsləndirməklə ən fəal deputatlar sırasında diqqət çəkmək, Parlament Jurnalistlər Birliyinin "İlin deputatı", "Ən cəsarətli deputatı" nominasiyalarının qalibi olmaq Onun mənəvi- əxlaqi zənginliyi, daxili təmizliyi, yaşayış tərzi, həyata baxışının haqq etdiyi dəyərdir.
Var-dövlət hərisi olmaq, nəyə görəsə hansısa məmura zəng etmək, gedib qapısını döymək Onun fitrətinə yaddır.
Amalı öyrətmək olan müəllimliyi ilə qürur duyur, bu peşəni deputatlıqdan ucada görür. Bununla bağlı "Siz millət vəkilliyinə, yoxsa müəllimliyə üstünlük verirsiniz", - sualına cavabında belə deyir: "O qədər ağıla gəlməyən yerlərdə o suala rast gəlmişəm ki... Müəllimlik mənim alnıma yazılıb. O mənim ruhumu tənzimləyir, o peşənin yolu ilə bu gün millətimin bir hissəsinin vəkiliyəm. Bu amalla indi özümü daim universitet auditoriyalarında, daim gənclərin arasında, halal adamların arasında hiss edirəm. Bunlar məni gəncləşdirir... Suala qısaca belə də cavab verə bilərəm: adım Fəzaildir, özüm də Bakı Dövlət Universitetində tarix müəllimiyəm". Öz təqdimatını çox qısa və möhtəşəm verib. Çünki bilir ki, bu qısa təqdimatın özündə onun böyüklüyü dayanıb.
Onun məlum suala bu cür cavabı xarakterindəki səmimiyyətdən qaynaqlanıb, iddiasızlığı, təmənnasızlığı ilə şərtlənib. Bəlkə də bir başqa ziyalı bu barədə oxucunu məlumatlandırmaq fürsəti ilə qarşılaşsaydı, dərs dediyi universitetin adını, eləcə də professorluq fəaliyyətini daha qabarıq ifadə edərdi. Lakin O, dediyim kimi, təvazökarlıqdan "xilas" ola bilməyib. Əsas diqqəti peşəsinin - MÜƏLLİMliyin MÜQƏDDƏSliyinə yönəltməyə çalışıb. Həm də bu zaman bir təəssüfünü, ürək ağrısını da gizlətməyib. MÜQƏDDƏS peşənin Özünün də açıb-ağartmadığı hansısa səbəblər üzündən zaman-zaman nüfuzdan düşdüyünü dilə gətirməkdən çəkinməyib: "Bəlkə də bugünkü tələbələr məni o vaxtkı (sovet dövründəki) tələbələrdən daha artıq başa düşürlər. Lakin o vaxt müəllim daha müqəddəs idi, tələbələr elə bilirdilər müəllim su içmir, yemək yemir, sirr-sehr dolu bir həyat tərzi yaşayır. Amma bugünkü tələbələr üçün bu, o qədər də önəm daşımır. Müəllimin şəxsiyyəti, savadı, dərs metodu, intizamı tələbələri daha çox cəlb edir".
Haqqında söhbət açdığım MÜƏLLİM yuxarıdakı fikrinin davamında bir məqamı- ÖZÜNÜN necə müəllim olmasını da xatırlatmağı vacib bilib. Mənə elə gəlir ki, O, bununla daşıdığı peşənin dünən olduğu kimi, bu gün də taleyüklülüyünü diqqətə çatdırmaq, sabahımızın, gələcəyimizin MÜƏLLİMə olan münasibətdən asılılığı həqiqətini qabartmaq məqsədi güdüb: "1982-ci ildən universitetdə müəllim işləyirəm. Bu günə qədər dərsə gecikməmişəm və tələbələr məndən sonra içəri daxil olmayıb. Nə qədər ömrüm var, bu, belə də olacaq... Mən dərs danışan zaman telefon söhbəti ola bilməz, bir tələbə o biri ilə danışıb qımışa bilməz, əks halda mən özümü səfeh yerinə qoyaram".
Yazı QƏHRƏMANımı yaxından tanıyanlar, Onun dərs dediyi tələbələr bu MÜƏLLİMin imtahanda çox nadir hallarda "2" qiyməti yazdığını deyirlər. Professorun müsahibələrinin birində açdığı bu "sirr" adamda kövrək duyğular oyatmaqla bərabər, həm də zamanın, dövranın acı həqiqətləri barədə dərin təəssüf hissi doğurur: "Sən "2" yazırsan və bir evə dərd, kədər göndərirsən. Valideynin nə günahı var ki, onun övladı oxumayıb. İkincisi, tələbə qarşında əyləşir və sən onun gözünün içinə baxırsan... Bəlkə də onu bir güzəştlə tərbiyələndirərsən, qisasçı etməzsən. Üçüncüsü, mən "2"ni yazıram və tələbə növbəti imtahana hazırlaşmaq əvəzinə, "adam" axtarmağa gedir. Bu zaman məndən asılı olmayan yüksək dairədən xahiş formasında tələb qoyulur ki, həmin tələbəni "kəsməyim". "Tapşırıq"dan sonra qiyməti yazanda tələbə başının üstündə durur və bu zaman təbii ki, onun ürəyindən keçir ki, "hünərin var idi, yazmayaydın". Hətta bəzən ortada alverçilər də olur. Mənə kiminsə diktəsi ilə əyilmək, saxta münasibət lazımdırmı?!. Həmişə çalışmışam ki, tələbələrimin qəlbində müəllim kimi heykəlimi qoyum".
Bax, elə Professorun bu son cümləsini onlarla, yüzlərlə tələbəsinin dəyərləndirməsilə təsdiqləyirəm: "MÜƏLLİM, arxayın, əmin ola bilərsiniz: zəhmətiniz itməyib, bu gün neçə-neçə ürək-qəlbdə MÜQƏDDƏS MÜƏLLİM obrazınız yaşayır, Özünüzün dediyiniz kimi, Müəllim kimi heykəliniz ucalır. Bundan böyük xoşbəxtlik, bəxtəvərlik varmı, görəsən?!."
***
"Mən siyasi fəaliyyətə başlayanda içimdə heç zaman qərəzli mövqe sərgiləməmək, dövlətçilik naminə şəxsi mənafedən də imtina etmək kimi bir andım olub. Mən bu anda daim sadiq qalmışam. Bunu məni yaxından tanıyanlar da, seçicilərim də yaxşı bilirlər", - deyən Fəzail İbrahimli siyasətə Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə qoşulmaqla başlayıb. Sonradan Milli Məclisə deputat seçilməklə bu sahədəki fəaliyyətini uğurla davam etdirib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü kimi həqiqətlərimizi bütün dünyaya çatdırıb. Seçicilərinə də həssaslığı, diqqəti unutmayıb: "Tanrının mənə verdiyi qismət payını, tərcümeyi-halı hər zaman qorumağa çalışmışam. Həmişə qarşımdakı insanlara rəğbətlə yanaşmışam. Heç vaxt qəbuluma gələnləri gözlətməmişəm. Vaxtaşırı seçicilərimin görüşünə getmişəm, onların xeyir-şərindən qalmamağa çalışmışam... Əgər "ağ at"ın belində yanından gedən piyadalara biganə baxsan, Tanrı səni həmin atdan yerə yıxır. Bunu həmişə nəzərimdə saxlamışam".
Fəzail İbrahimlinin fikrincə, deputat onu seçənlərin elçisidir, əgər O, elçisi olduğu insanların telefon zənginə cavab vermirsə, bölgəsinin problemlərini parlamentdə qaldırmırsa, deməli, missiyasına xəyanət edir: "Ən əsası da millət, Vətən, dövlət məfhumu deputat üçün şablona çevrilməməlidir. Onun məsuliyyətini hiss etməlidir".
P.S. Mən bu yazıda Fəzail İbrahimlinin keçdiyi ömür yolu - istər pedaqoji, istər elm, istərsə də deputatlıq fəaliyyəti barədə daha geniş söhbət aça, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı düşüncələri, Cümhuriyyətin atributlarının qorunub yaşadılması, Dağlıq Qarabağın işğalı, Azərbaycanın indiki geosiyasi mövqeyi, dünya dövlətlərinin ölkəmizə marağı və bu maraqlar altında gizlənən məkrli niyyətlərin nəticəsində baş verən hadisələr, nəhayət, mənəvi dəyərlərin qorunması ilə bağlı qətiyyətli fikirlərinə də geniş yer ayıra bilərdim. Lakin əsas məqsədim oxucunun diqqətini Fəzail İbrahimlinin əxlaqi-mənəvi keyfiyyətlərinə yönəltmək idi. Çünki mən də uşaqlıqdan məhz bu keyfiyyətinə görə onu BÖYÜK bilmişəm.
Anar Yusif oğlu