Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 10:02
Rusiyanın məşhur "İzvestiya" qəzeti işğaldan azad olunan Füzuli rayonundan reportaj hazırlayıb.
Müəllif əvvəlcə yazır ki, Azərbaycan hakimiyyətinin bu rayonla bağlı irimiqyaslı planları (aeroport tikintisi və s) mövcuddur. Lakin erməni vandalları tərəfindən şəhər büsbütün dağıldığından görüləsi işlərin hələ çox olduğu vurğulanır. "Daşı-daş üstə qalmayan şəhər və ətrafı büsbütün minalanıb. Hər 10 metrdən bir "Mina və sursatlardan qorunun" lövhələri qoyulub", - deyə müəllif yazır. "Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritəsini təqdim etməyi bildirsə də, qarşı tərəf bunu etmir. Bu səbəbdən də biz tərəfdaşlarımızın köməyi ilə bu işləri özümüz həyata keçiririk", - deyə Azərbaycan XİN-dən qəzet əməkdaşına bildiriblər.
Jurnalisti müşayiət edən politoloq Nicat Nəcmiyev bildirib ki, işğaldan əvvəl burada 17 min insan yaşayıb. İşğal başladıqdan sonra əksəriyyət buranı tərk edib getməyə məcbur olub.
Ümumiyyətlə, bütün reportaj boyu işğaldan azad edilən şəhərin necə barbarlıqla məhv ediliyini vurğulanır. Eyni zamanda şəhərdə inşa işlərinə başlanıldığı, aeroport tikintisi barədə məlumat verilir. "Obyektin fundamentini prezident İlham Əliyev qoyub və daha iki aeroport Zəngilan və Laçında inşa ediləcək", - deyə müəllif yazır.
Reportajda əslən Füzulidən olan sakinlərin öz torpaqlarına dönmək istəklərini də müəllif xüsusi qeyd edib. Rayon sakini Sevinc 30 il bundan qabaq məruz qaldıqları zülmü qəzetə xatırladıb - "Axı bizim günahımız nə idi" deyə rus jurnalistə sual edir: "Anamın ən böyük arzusu öz evinə dönmək idi. Lakin qismət olmadı. Bəli, mən bilirəm ki, şəhərdən heç nə qalmayıb. Lakin tək onun havasını udmaq bəs edir. Buradakı işimi, normal həyat şəraitimi qoyub geri dönməyə hazıram. Bilirsiniz, axı ora bizim evimizdir, necə ora dönməyəsən?", - deyə Füzuli sakini bildirib.
Azər Nuriyev