Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 16:46
2021-ci ilin 3-4 may tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
Dövlət Sərhəd Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılmış, son müddətdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.
26 aprel tarixində Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həll olunmasının vacibliyi vurğulanıb, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.
Ezamiyyət müddətində əlahiddə sərhəd diviziyasının xidməti ərazisində dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili lstiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri nəzərdən keçirilmiş, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülmüş, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitləri ilə tanış olunmuşdur.
Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilmiş, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi xüsusi qeyd olunmuşdur.
Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zəngilan rayonu ərazisində "Bartaz" sərhəd zastavasında xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəldilməsi üçün görülən işlərlə yerindəcə tanış olunmuş, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilmiş, zəruri tapşırıq və tövsiyələr verilmişdir.