Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 23:50
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusunun xalqımıza uzun illərdir gözlədiyi Qələbə sevincini yaşatmasının, torpaqlarımızı otuz illik işğaldan azad etməsinin əsasında hər bir əsgər və zabitimizin xüsusi fədakarlığı, qəhrəmanlığı, sarsılmaz Vətən eşqi dayanır. Vətən uğrunda qanlı müharibədə düşmənə qarşı fədakarlıqla vuruşan qəhrəman döyüşçülərə, sağlamlıqlarını itirən qazilərimizə yüksək diqqət, bu yolda canından keçən şəhidlərimizin xatirəsinə ən dərin ehtiram göstərilir. Şəhidlərimiz öz canları bahasına bizə qeyrət, vətənpərvərlik və qəhrəmanlıq nümunəsi miras qoyublar. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə canından keçən igid döyüşçülər siyahısında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlısı gizir Tağızadə Cahid Vahid oğlunun da adı var.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının veteranı, ehtiyatda olan kapitan, tədqiqatçı-jurnalist Yalçın Abbasovun qəhrəman döyüşçü ilə bağlı qələmə aldığı "Düşmənə qarşı son nəfəsinədək mərdliklə döyüşən xüsusi təyinatlı" sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Cahid Tağızadə 1988-ci il fevralın 12-də Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. Vahid Tağızadə və Reyhan Tağızadənin üç oğlundan biri, ailənin ilk övladı olan Cahid valideynləri tərəfindən el-oba qədrini bilən, xeyirxah, ailəcanlı, zəhmətkeş, dürüst, ləyaqətli gənc kimi yetişdirilib. Mirzalıbəyli kəndindəki Əsman İsmayılov adına tam orta məktəbi bitirən Cahid şəxsi keyfiyyətlərinə görə həmkəndlilərinin hörmətini qazanıb. Cahid yeniyetməlik yaşlarından idmana maraq göstərib, fitnes, ağırlıqqaldırma ilə məşğul olub. Hələ orta məktəbdə oxuduğu illərdə Cahiddə hərbçi peşəsinə rəğbət yaranıb. Bu rəğbəti barədə ailə üzvləri və yoldaşlarına da danışıb. Hərbi xidmət haqqında mətbuatda, televiziyada verilən informasiyalara xüsusi diqqət yetirib. Onun uşaqlıq, yeniyetməlik, gənclik illəri Birinci Qarabağ müharibəsi və atəşkəs dövrünə təsadüf edib. Yaşadığı Bərdə rayonu cəbhə xəttinə yaxın olduğundan Birinci Qarabağ müharibəsi zamanı buraya xeyli sayda məcburi köçkün pənah gətirib. Döyüş zonasına göndərilən hərbi texnika və canlı qüvvədən ibarət karvanlar buradan dəfələrlə keçib. Həmçinin rayondan yüzlərlə gənc o vaxt torpaqlarımızın müdafiəsinə yollanıb. Bununla yanaşı, o dövrdə rayonun tibb müəssisələrinə yaralılar gətirilib, habelə neçə-neçə şəhidin tabutunu müxtəlif ünvanlara aparılıb. Tağızadə ailəsinin yaddaşında bütün bunlar izsiz ötüşməyib.
Cahid 2006-cı ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılıb, Daxili Qoşunların sıralarında hərbi xidmət borcunu vicdanla yerinə yetirib. O, 2008-ci ilin yanvarında Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsindən ehtiyata buraxılıb. Cahid bir neçə ay sonra yenidən Daxili Qoşunların sıralarına qayıdıb. 2008-ci il iyunun 25-dən etibarən qoşunların Bərdə rayonundakı "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Burada minaatan batareyasının minaatan taqımında minaatan komandiri vəzifəsinə təyin edilib. Hərbi xidmətdə əzmkarlığı və çalışqanlığı ilə komandanlığın etimadını doğruldub. O, bu hərbi hissədə motoatıcı bölükdə zenit-raket heyətinin rəisi, xüsusi təyinatlı dəstənin həmlə qrupunda yarımqrup komandiri vəzifələrinə irəli çəkilib. Müvafiq kursu müvəffəqiyyətlə başa vuraraq "gizir" hərbi rütbəsinədək yüksəlib. 2012-ci ilin dekabrından xidmətini davam etdirmək üçün qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsinə keçirilib. Hərbi hissədə xüsusi təyinatlı dəstənin həmlə qrupunda yarımqrup komandiri, habelə atəş təminatı qrupunda minaatan yarımqrup komandiri, eləcə də atəş təminatı qrupunda dəzgahlı qumbaraatan yarımqrupunun komandiri kimi ona etibar olunan vəzifələrdə öz təşkilatçılığı, icraçılığı, tabeliyindəki şəxsi heyətlə işləmək bacarığı, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmağı ilə fərqlənib.
2013-cü ilin iyul-oktyabr aylarında qardaş Türkiyəyə ezam olunan Cahid İspartada Türkiyə Silahlı Qüvvələrinin Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının "Dağ komando kursu"nu müvəffəqiyyətlə başa vurub. Xüsusi təyinatlı kimi belə bir kursu bitirməsi onun peşəkar hazırlığının inkişafı və mühüm təcrübə toplaması baxımından əhəmiyyətli olub.
Vətən müharibəsinədək hərbi xidməti dövründə gizir Cahid Tağızadə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə mükafatlandırılıb.
Cahid 2020-ci ilin avqustunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində təşkil olunan xüsusi təyinatlı bölmələrin taktiki təlimlərində iştirak edərək, döyüş hazırlığı baxımından məharəti ilə seçilib.
Vətənin müdafiəsinə, torpaqlarımızın işğalına son qoyulmasına hazır olmaq əqidəsi ilə xidmət edən Cahid və silahdaşları üçün ən şərəfli və çətin sınaq anı nəhayət 2020-ci il sentyabrın 27-də yetişib. Cəmi 44 gün davam edən Vətən müharibəsi xüsusi təyinatlılarımızın yüksək döyüş qabiliyyətinə malik olduqlarını göstərdi. Daxili Qoşunların Zaqatala rayonundakı "N" saylı hərbi hissəsindən ön cəbhəyə göndərilən gizir Cahid Tağızadə müharibənin ilk günündən döyüşə atılıb, erməni işğalçılarına qarşı mətanətlə vuruşub. Onun döyüş yolu Murovdağ yüksəkliyi, Füzuli və Cəbrayıl rayonlarının ərazilərindən keçib.
Cahidlə birgə döyüşmüş gizir Sakit Fərzəliyev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Malik Niftəliyev və baş əsgər Fərrux Alagözov onun vətənpərvər, iradəli və qətiyyətli döyüşçü olduğunu söylədilər. Silah yoldaşları Cahidin qorxmadan düşmən postlarının üzərinə həmlələr etdiyini, sərrast atışları ilə bir sıra atəş nöqtəsini susdurduğunu, canlı qüvvə və texnikasına tutarlı zərbələr vurduğunu bildirdilər. "Biz elə vuruşmalıyıq ki, işğalçıların tapdağında bir qarış torpağımız qalmasın", - deyən Cahid döyüş yoldaşlarını da qələbəyə ruhlandırırdı. Murovdağ yüksəkliyi uğrunda mürəkkəb relyef, bəzən əlverişsiz hava şəraiti səbəbindən döyüş tapşırıqlarının yerinə yetirilməsinin bütün çətinliklərinə baxmayaraq, Cahidin olduğu qrup və digər qruplar da mətinlik nümunəsi sərgiləyiblər.
Gizir S.Fərzəliyev və baş çavuş M.Niftəliyevin sözlərinə görə, Murovdağ döyüşlərindən birində Cahid düşmən mərmisinin partlayış dalğası nəticəsində kəllə-beyin travması alsa da, təxliyə edilməsinə razılaşmayıb, göstərilən tibbi yardımdan sonra döyüşçülərin yanına qayıdıb.
Ağır döyüşlərin getdiyi Füzuli-Cəbrayıl zonasında da hərbi qulluqçularımızın qarşısına qoyulan döyüş tapşırıqları erməni işğalçılarının müdafiə xəttinin yarılması, onların mövqelərinin ələ keçirilməsi, canlı qüvvə, texnika və silah-sursatlarının məhv edilməsi olub. Təcavüzkarın illərlə qurduğu və möhkəmləndirdiyi mövqeləri darmadağın etməyi bacaran döyüşçülərimiz müxtəlif çaplı silahlardan şiddətli atəşə məruz qalıblar. Baş əsgər F.Alagözov göstərilən istiqamətdə Cahidlə birgə döyüşü davam etdirdiyini bildirib. 2020-ci il oktyabrın ilk günlərində qüvvələrimiz Füzuli və Cəbrayıl rayonlarının düşmənin nəzarətindəki ərazilərinə hücum əməliyyatları səngiməyib. Həmin döyüşlərdən birində düşmən minaatanından atılan mərminin yaxınlığında partlaması nəticəsində gizir Cahid Tağızadə ağır yaralanaraq şəhid olub.
Şəhid hərbi qulluqçumuz doğulduğu kənddə son mənzilə yola salınıb. Vətən müharibəsində Mirzalıbəyli kəndindən 4 nəfər şəhidlik zirvəsinə ucalıb. Cahidin müharibədə döyüşərək yaralanan qohumları da var.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 və 29 dekabr tarixli sərəncamları ilə gizir Cahid Tağızadə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Mərhumun Nərmin və Nihad adlı iki övladı yadigar qalıb. Nərmin orta məktəbin ikinci sinfində oxuyur, Nihad isə məktəbəqədər hazırlıq kursuna gedir. Onlar vətənpərvər ruhda böyüyəcək, torpaqlarımızı uzun illər işğal altında saxlayan, şəhər və rayonlarımızı, o cümlədən Bərdəni müxtəlif növ raketlərdən atəşə tutaraq dağıntılara məruz qoyan, dinc sakinləri qətlə yetirən azğın düşmənə qarşı son nəfəsinədək mərdliklə vuruşmuş atalarını, onun kimi igidləri daim qürurla anacaqlar.
Şəhidin atası Vahid Tağızadə bildirib ki, Cahid döyüş bölgəsindən vaxt tapıb evə zəng edəndə "Narahat olmayın, hər şey yaxşı olacaq, biz irəliləyirik" deyib. Valideyn üçün övlad itkisi sözlə təsvir edilə bilməyəcək ağrı-acıdır. Ancaq şəhid atası olmaq mənəvi ucalıqdır. "Təki Vətən sağ olsun!", - deyən belə valideynlər hər birimizin ehtiramı sonsuzdur.
Allah şəhidlərimizə rəhmət eləsin!