Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 12:46
Ermənistan daha bir fəlakətlə üzləşmək təhlükəsini yaşayır. Hərbi-siyasi fəlakət özü ilə iqtisadi problemlər də gətirir. İndi də su təchizatında ciddi problemlər yaşanır. Erməni mediasının yazdığına görə, ölkədə şirin su təchizatında ciddi problemlər hiss olunur - artezian mənbələr tükənir, qrunt suları quruyur, ölkənin ən iri gölü hesab olunan Göyçə gölünün çirklənməsi artır. Rəsmi İrəvanın dağ-mədən sularının təmizlənməsinə maliyyə ayırmaq istəməməsi transsərhəd çayları üçün əsl ekoloji fəlakətə gətirib çıxarır.
Onilliklər ərzində təmir olunmayan irriqasiya və su kanalları isə içməli və suvarma suları ilə bağlı ciddi problemlərə yol açıb. Bu sahə üzrə növbəti qalmaqal son günlər yaşanır. Söhbət günbəgün artmaqda olan Sisian (Qarakilsə) şəhərindən gedir. Burada sözün əsl mənasında epidemioloji fəlakət yaşanır. Suların çirklənməsi səbəbindən zəhərlənənlərin sayı sürətlə artır. Şəhərdə əsl fəlakət yaşanır - kütləvi zəhərlənmə, dizenteriyanın güclənməsi və digər bağırsaq xəstəlikləri artıb. Son məlumatlara görə, zəhərlənənlərin sayı 500-ə çatıb və onların bir hissəsi uşaqlardır.
Belə hal təkcə qeyd olunan şəhərdə deyil, digər yerlərdə də hiss olunur. Artıq evlərdə krantı açıb su içmək mümkünsüz, riskli hala çevrilir. Bu sular həyat üçün təhlükəli hala çevrilir.
USAİD - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistanın sifarişi ilə keçirdiyi son tədqiqat da göstərib ki, icmalar və təsərrüfat subyektləri ciddi problemlərlə üzləşib. Bu gün ölkənin bəzi yerlərində 1,120 mln. kub metr su çatışmır. Belə davam edərsə, vəziyyət gələcəkdə fəlakətli həddə çata bilər.
Ölkənin su problemlərini dərinləşdirən əsas cəhət erməni hakimiyyət orqanlarının ekoloji normativlərə əməl etməmələridir. Son illər Ermənistan Göyçə gölünün çirklənməsi ilə üzləşib. Bu göl isə Ermənistanın su resurslarının 80 faizini təmin edir.
Ermənistan bununla yanaşı, Qacaran və Kafan ərazilərindəki dağ-mədən müssisələrindən Zəngilan rayonuna keçən Oxçuçay çayına Mendeleyev cədvəlinin bütün elementlərinin axıdılması da davam edir. Həmin çay da Araza axır. Azərbaycan dəfələrlə bununla bağlı beynəlxalq ictimaiyyətə müraciət etsə də, nəticəsiz qalıb.
Beləliklə, gəlinən qənaət budur ki, problem Ermənistanı qarşıda ekoloji fəlakətlə üz-üzə qoyacaq. Mövcud reallıqlar odur ki, su təsərrüfatı sahəsində problemlər həll olunmazsa, onu fəlakət gözləyə bilər. Bununla da, hakimiyyətin mifik iqtisadi layihələri arxivə atılmış olacaq.
Azər NURİYEV