Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzulidən Laçınadək döyüş yolu keçən 19 yaşlı qusarlı qəhrəman - FOTO

Füzulidən Laçınadək döyüş yolu keçən 19 yaşlı qusarlı qəhrəman - FOTO

Tarix: 19 May 2021 23:58

Vətən müharibəsinin qusarlı şəhidi, Tural Əhmədov Füzulidən Laçınadək döyüş yolu keçib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, on doqquz yaşlı qəhrəman ölümündən sonra iki medalla təltif olunub.

Tural Əhmədov 2001-ci il iyunun 5-də Qusar rayonunun Mucuq kəndində anadan olub. Orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Quba Peşə Liseyində təhsil alıb. Hərbi xidmətə yollananda yüksək fiziki göstəricilərə malik olduğundan arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrə seçilib. Əsgərliyinin bitməsinə 3 ay qalan Tural həmlə qruplarının tərkibində Vətən müharibəsində döyüşlərə qatılıb.

"Atası dünyasını dəyişəndə Tural dördüncü sinifdə oxuyurdu. Çətinliklərlə uşaqlarımı böyütmüşəm. Tural 9-cu sinfi bitirdikdən sonra Quba Peşə Liseyinə qəbul olundu. Oranı bitirəndən sonra hərbi xidmətə yola saldıq. Tural həmişə mənim qayğıma qalırdı. Çünki onları necə əziyyətlə böyütdüyümü görmüşdü. Əsgərlikdə olanda da xüsusi təyinatlı bölməyə seçilmişdi. Xidməti bitirdikdən sonra da hərbidə qalıb işləmək istəyirdi. Vətən müharibəsi başlayanda döyüşlərdə olduğunu mənə deməmişdi. Müharibədə iştirak etdiyini yalnız oktyabrın 21-də evə zəng edəndə bildim. Dedi ki, ana bizim ordumuz çox güclüdür və mən torpaqlarımızı işğaldan azad edib evə qayıdacağam. Çox çətindir mənim üçün bunları danışmaq. Amma eyni zamanda da qürurvericidir. Mən onunla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin anası Elza Əhmədova bildirib.

Tural Əhmədov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Silahdaşlarının bildirdiyinə görə onun döyüş yolu Laçın rayonunun kəndlərinin azad olunmasınadək davam edib. Tural oktyabrın 22-si Laçın istiqamətində gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Atasını vaxtsız itirən Tural ailənin böyük övladı idi. Onun özündən kiçik bir qardaşı var.

"Qardaşım Tural məndən iki yaş böyükdür. O, mənə atamı əvəz edirdi. Müharibə başlayanda Tural 15 ayın əsgəri idi. Döyüşlərdə olduğunu bizə deməmişdi. Telefonla danışanda bildik. Şəhid olmamışdan qabaq səhər anamla danışıb. Anam Turalın səsində narahatlığı duyub. Mən məktəbdən evə gələndə bildirdi ki, qardaşın zəng eləmişdi. Sənə sözü vardı. Sonra gün ərzində zəng eləsəm də, danışa bilmədim. Axşam isə şəhid olması xəbərini eşitdik", - deyə şəhidin qardaşı Vüsal Əhmədov söyləyib.

Şəhidlik zirvəsinə ucalan qəhrəman əsgərin bir çox arzuları vardı. Tural subay idi. Nənəsi Hürü Əhmədova nəvəsi ilə fəxr etdiyini, Turalın qəhrəmanlıqla döyüşüb şəhidlik zirvəsinə ucalmaqla onları qürurlandırdığını bildirib.

"Tural mənim ilk nəvəmdir. Şəhidliyin yüksək zirvə olduğunu söyləyirdi. Hərbi xidmətdən məzuniyyətə gələndə deyirdi ki, nənə mən Vətən uğrunda şəhid olacağam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Vətənimiz həmişə azad olsun. Bundan sonra Azərbaycanda müharibə olmasın. Tural bizim soyadımızı ucaltdı. Düşmən üzərinə həmişə öndə gedib. Bunu bizə döyüş yoldaşları bildirib", - deyə şəhidin nənəsi söyləyib.

Şəhid Tural Əhmədov ölümündən sonra "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub.


Etiketlər:  Füzulidən Laçınadək döyüş yolu keçən yaşlı qusarlı qəhrəman FOTO


RƏYLƏR