Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antonio Quterreş: Biz təbiətlə sülh bağlamalıyıq

Antonio Quterreş: Biz təbiətlə sülh bağlamalıyıq

Tarix: 23 May 2021 20:40

Təbiət Yer kürəsinin resurslarını bərpa etməyə macal tapmamış insan həmin resursları tükəndirir. Bu zaman biomüxtəliflik misli görünməmiş sürətlə azalır və bu, narahatlıq doğurur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə bəşəriyyətə müraciət edərək təbiətlə harmonik münasibətləri bərpa etməyə çağırıb.

Baş katib deyib: "Biz faktiki olaraq, təbiətə müharibə elan etmişik. Flora və faunanın milyonlarla növü məhv olmaq həddindədir, gözümüzün qabağında bütöv ekosistemlər məhv olur, sulu-bataqlıq torpaqlar quruyur, səhralar isə əksinə, genişlənir. Biz hər il 10 milyon hektar meşəni itiririk, okeanlar plastik tullantılardan boğulur və oksidləşir, çünki bizim, insanların istehsal etdiyi karbon qazını həmin okeanlar udmalı olur. Eyni zamanda, təbiəti məhv edən sahələrin subsidiyalaşdırılması ilə müqayisədə onun mühafizəsi üçün daha az vəsait sərf edirik".

"Biz beynəlxalq səviyyədə biomüxtəlifliyin qorunub saxlanması sahəsində qarşıya qoyduğumuz vəzifələrin heç birini yerinə yetirməmişik", - deyən Baş katib xatırladıb ki, təbiət həyatın mənbəyidir, o, insana zəruri resursları verməklə bərabər çoxsaylı, o cümlədən iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə kömək edə bilər.

Pandemiya insan ilə ətraf mühit arasında sıx qarşılıqlı əlaqə olmasını əyani şəkildə nümayiş etdirdi. Təkrar üzə çıxan və yeni yaranan infeksion xəstəliklərin dörddə üç hissəsi zoonoz xarakter daşıyır, yəni insana heyvanlardan keçir. Antonio Quterreş bu məqamı izah edərək bildirib ki, torpaqdan istifadədə baş verən dəyişikliklər və vəhşi heyvanların ənənəvi yaşayış yerlərinə insanın qədəm qoyması Ebola və COVID-19 kimi infeksion xəstəliklərin yaranmasının əsas səbəbidir.

Baş katib vurğulayıb: "Təbiəti qorumaq, ekosistemləri bərpa etmək və planetlə münasibətlərdə harmoniyaya çalışmaq lazımdır. Biz biomüxtəlifliyin itirilməsi prosesini aradan qaldırmaqla insanların sağlamlığını yaxşılaşdıra, davamlı inkişafa nail ola, iqlim böhranından çıxa bilərik".

Onun fikrincə, ekoloji həyat tərzi bu məsələdə uğur qazanmağın etibarlı yoludur. BMT-nin rəhbəri əmindir ki, dünyanın istənilən nöqtəsində hər bir insan ekoloji məsuliyyət prinsiplərinə uyğun yaşamaq imkanına malik olmalıdır, bundan ötrü isə hökumətin, biznesin və ayrı-ayrı vətəndaşların məsuliyyətini təşviq edən daha səmərəli strategiyalar qəbul etmək lazımdır.

Baş katib sonda deyib: "Əgər biz planetlə sülh bağlamasaq, uduzan özümüz olacağıq".


Etiketlər:  Antonio Quterreş təbiətlə sülh bağlamalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ