Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2021 21:20
Portuqaliya hökuməti turizmin bərpası üzrə plan təqdim edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Turizmi yenidən aktivləşdirmək - gələcəyi qurmaq deməkdir" adlı planın təqdimat mərasimində Portuqaliyanın iqtisadiyyat naziri Pedro Siza Viyeyra çıxış edib. Nazir bildirib ki, ölkənin turizm sektoruna toplam 6,112 milyard avro sərmayə qoyulacaq.
2027-ci ildə Portuqaliyaya turizm axını göstəricisini 2017-ci ildəki səviyyəyə çatdırmaq, yəni turizm sektorunda mövsümilik indeksini azaltmaq, işçilərin ixtisas səviyyəsini yüksəltmək, sakinlərin 90 faizinin yaşadıqları ərazidə turizmin vəziyyətindən razı qalmasına nail olmaq nəzərdə tutulur.
2019-cu ildə Portuqaliyada əcnəbilərin xərclədikləri vəsait 18 milyard avrodan çox olub. Gözlənildiyinə görə, 2023-cü ildə Portuqaliyanın turizm sahəsi 2019-cu il göstəriciləri səviyyəsinə çatacaq.
Portuqaliya hökuməti turizmin bərpasının əməliyyat strategiyasına təqribən 300 min avro sərmayə yatırmağı planlaşdırır. Bu strategiya ölkədə ərazi və sosial birlik standartlarının yüksək olması sayəsində onun beynəlxalq aləmdə tanınmış turizm istiqaməti kimi qəbul edilməsinə yönəlib.
Bu il iyunun 1-dən etibarən Portuqaliyada IVAucher proqramının icrasına başlanacaq. Hökumət gözləyir ki, ictimai iaşə, mədəniyyət və mənzil-məişət sektorlarında istehlakın stimullaşdırılmasına yönəlmiş bu proqram vergi ödəyicilərinin təqribən 200 milyon avro məbləğində ƏDV-yə qənaət etmələrinə imkan verəcək.