Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsi qazisi: Ölüm bizə bir nəfəs qədər yaxın olsa da, əsas hədəfimiz doğma torpaqlarımızı azad etmək idi - FOTO

Vətən müharibəsi qazisi: Ölüm bizə bir nəfəs qədər yaxın olsa da, əsas hədəfimiz doğma torpaqlarımızı azad etmək idi - FOTO

Tarix: 24 May 2021 21:58

Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulları, qazilərimizin və digər hərbi qulluqçularımızın göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Çünki onlar xalqımızın gözlədiyi Qələbə gününü reallığa çevirmək üçün öz layiqli töhfələrini veriblər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində ağır yaralanaraq əlil olan və hərbi xidmətdən tərxis edilən hərbi qulluqçusu çavuş Mədəni Polad Əmir oğlunun keçdiyi döyüş yolu əqidəsinə, içdiyi anda sədaqət, əsl döyüşçü fədakarlığı nümunəsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist Yalçın Abbasovun qəhrəman döyüşçü ilə bağlı qələmə aldığı məqalədə əksini tapıb. Məqaləni təqdim edirik.

Çavuş Polad Mədəni 1989-cu il mayın 30-da Şəki şəhərində anadan olub. Əmir Mədəni və Mənsurə Mədəninin üç övladından biri və yaşca kiçiyidir. Atası 2013-cü ildə vəfat edib. Evli olan qazinin 5 yaşında bir oğlu var.

Polad boya-başa çatdığı Şəkidəki Rəşid Əfəndiyev adına 10 saylı orta məktəbdə təhsil alan Polad doqquzillik təhsildən sonra avtomobil təmiri üzrə texnik peşəsinə yiyələnib və bu sahədə çalışıb. O, hələ uşaq ikən Dağlıq Qarabağda erməni separatizmi baş qaldırıb. Bədnam qonşularımız Azərbaycana qarşı əsassız iddiaları nəticəsində bölgədə qanlı hərbi münaqişə başlayıb və getdikcə daha da alovlanıb. Bu münaqişə bir neçə nəslin həyatında ağrılı-acılı iz qoyub. Birinci Qarabağ müharibəsində respublikamızın ərazisinin 20 faizi işğal olundu, bir milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətinə düşdü. Sonra atəşkəs rejimi şəraitində uzun illər bu gerçəkliklə yaşadıq. Ancaq həmin dövrdə özündən əvvəlki nəsillərin döyüş ruhundan ilhamlanan vətənpərvər və mübariz gənc nəsil yetişdi. Bu nəslin nümayəndələrindən biri də Poladdır.

2007-2009-cu illərdə Polad Müdafiə Nazirliyinin Naxçıvan şəhərindəki "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Kəşfiyyat bölməsində snayperçi olub, "çavuş" hərbi rütbəsinədək yüksəlib.

2011-ci ilin noyabrında Polad Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Bakıda yerləşən "N" saylı hərbi hissədə əvvəlcə xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda atıcı, döyüş təminatı yarımqrupunda heyət nəfəri-atıcı vəzifələrinə, sonra isə hərbi hissənin xüsusi təyinatlı dəstəsinə keçirilərək, xüsusi həmlə qrupunun yarımqrupunda atıcı-snayper və snayper vəzifələrinə təyin edilib.

Vətən müharibəsinədək olan hərbi xidməti dövründə ona göstərilən etimadı doğruldub, 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə mükafatlandırılıb. Barəsində müxtəlif növ həvəsləndirmələr tətbiq edilib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda çavuş Polad Mədəninin xidmət etdiyi xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları döyüşə ilk atılanların sıralarında olublar. Polad bu barədə danışarkən Kəlbəcər rayonu istiqamətində Murovdağ yüksəkliyi, Cəbrayıl, Xocavənd, Qubadlı və Füzuli rayonlarının ərazilərində döyüş yolu keçdiyini bildirir: "Xüsusi təyinatlı kimi keçdiyimiz hazırlıq müharibə zamanı çox gərəkli oldu. Ümumilikdə, xüsusi təyinatlılar döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl peşəkarlıq və cəsarət nümunələri göstərərək fərqləndilər. İşğalçılar üzbəüz döyüşlərdə hərbi qulluqçularımızın həmlələrinə tab gətirə bilməyərək, mövqelərini atıb qaçırdılar. Bizim döyüşən canlı qüvvənin sırasında həlakolma və yaralanma hallarının əsasən düşmənin qurduğu pusqu, basdırdığı minaların partlayışı və artilleriya atəşi nəticəsində baş verib. Döyüşlər vaxtı bir neçə dəfə pusquya düşdük, itkilərimiz oldu. Ancaq həmin vəziyyətdə də düşmənin layiqli cavabını verirdik".

İşğalçıları pusquya saldıqlarına dair bir epizodu xatırladan Polad Mədəni deyir: "Füzuli rayonu ərazisində qruplarla irəliləyərkən təcavüzkarın divizionunun yerləşdiyi sahəni təsbit etdik. Burada 4 top və digər artilleriya vasitələri, xeyli sursat, 70 nəfərə yaxın şəxsi heyət aşkarladıq. Xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Füzuli İmrəliyevin göstərişi ilə divizionun yerləşdiyi sahə mühasirəyə alınaraq atəşə tutuldu. İşğalçıları ağır tələfata uğratdıq, silah-sursat, hərbi texnika qənimət götürdük".

Poladın müharibədə torpaqlarımızı canı bahasına işğaldan azad edən silahdaşlarından bəzilərinin son nəfəslərini onun gözləri qarşısında verdiklərini bildirib. Bu baxımdan baş leytenant Kamran Kazımov, baş çavuşlar Vüqar Cəfərov və Əsgər Əhmədovun adlarını çəkən Polad silahdaşlarının şəhid olmasından dərindən sarsıldığını, ancaq onların qisasının alınması, qanlarının yerdə qalmaması, xatirələrinin yaşadılması ilə təskinlik tapdığını deyir: "Müharibənin öz çətinlikləri, əzab-əziyyətləri olur. Bizi, xüsusi təyinatlı kimi ilk növbədə buna hazırlamışdılar. Ağır döyüşlər gedib, yuxusuz gecələrimiz olub, saatlarla yağış altında qalaraq islanmışıq, bir neçə gün paltarımız qurumayıb. Düşmən texnikanı vurduğundan, bəzən təchizatı bizə vaxtında çatdırmaq mümkün olmayıb, ancaq ruhdan düşməmişik, hər hansı çətinlik qarşısında iradəmiz büdrəməyib, daim irəli getmək barədə fikirləşmişik, komandirlərin əmr və tapşırıqlarını tərəddüd etmədən yerinə yetirmişik".

Onun sözlərinə görə, hər bir insan kimi, döyüşçü də yaşamaq, öz arzularına qovuşmaq istəyir, özünəməxsus xəyalları olur, ailəsini düşünür. Ancaq müharibə gerçəkliyində dərk edirsən ki, hissə qapılmaq olmaz, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. Müharibə itkisiz olmur, ölüm bir nəfəs qədər bizə yaxın idi, lakin ölüm qorxusu səni üstələməməlidir, döyüş ruhu varsa, bu, insana mənəvi güc verir. Vətən yolunda şəhid və qazi olmaq isə insan üçün şərəfli taledir.

2020-ci ilin oktyabrın 15-də Füzuli rayonu ərazisində döyüş zamanı düşmən Poladın tərkibində olduğu qrupun yerləşdiyi mövqeni müxtəlif növ artilleriyadan, zirehli texnikalardan şiddətli atəşə tutub. Həmin vaxt hərbçilərimizdən ölən və yaralananlar olub. Yaxınlığa düşən minaatan mərmisinin partlaması nəticəsində Polad qolundan qəlpə yaraları alıb. Partlayan ikinci mərminin qəlpələri isə onun sağ ayağını dizdən aşağı qoparıb. Atəş altında qaldıqlarından Poladın döyüş mövqeyindən çıxarılması bir neçə saat çəkib. Onu ərazidən çıxarmağa can atan iki hərbi qulluqçudan biri həlak olub, digəri isə yaralanıb. Nəhayət, digər döyüşçülər yaralıya yaxınlaşa bilib və onu ərazidən çıxarıblar. Çətinliklə Füzuli rayonundakı xəstəxanaya çatdırılan Polada "sağ budunun yuxarı üçdə birinin travmatik amputasiyası" diaqnozu qoyularaq cərrahi əməliyyat aparılıb. Xəstəxanadan Daxili Qoşunların Hospitalına göndərilən Polad burada uzunmüddətli müalicə kursu keçib. Hazırda ona 2-ci qrup əlillik dərəcəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18, 25 və 29 dekabr tarixli sərəncamları ilə çavuş Mədəni Polad Əmir oğlu "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Onun şərəfli döyüş yolu müxtəlif televiziya kanallarında və sosial şəbəkələrdə də işıqlandırılıb.

Polad doğmalarının mənəvi dəstəyi ilə əlilliyin yaratdığı bütün çətinliklərin öhdəsindən bacarıqla gələcəyinə inandığını, canından artıq sevdiyi Vətən üçün layiqli övlad yetişdirməyə, döyüş təcrübəsi ilə cəmiyyətimizə faydalı olmağa çalışacağını söyləyib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Vətən müharibəsi qazisi Ölüm bizə bir nəfəs qədər yaxın olsa da əsas hədəfimiz doğma torpaqlarımızı azad etmək idi FOTO


RƏYLƏR