Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2019 02:54
Bakı. Trend:
Tərtər rayonunda 1 ədəd V-30 partladıcısı aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, avqustun 2-də saat 18:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:49-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Əskipara kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd V-30 partladıcısı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 02 avqust 2019-cu il tarixlərində 147 siqnal (əməliyyat çağırışı) əsasında 125 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1 680 ədəd partlamamış hərbi sursat (PHS), 18 630 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 18 ədəd tank əleyhinə mina və 30 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilmiş, 129 045 kv.m ərazi yerüstü və 8 657 kv.m ərazi yeraltı yoxlanılmışdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin