Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 22:08
O, toya hazırlaşırdı, artıq 29 yaşı var idi. Bir ildən artıq idi ki, ictimai iaşə sektorunda işləyirdi. Üzümüzə gələn payız toy çaldırıb subaylığın daşını atmaq, ata-anasına gəlin gətirmək istəyirdi...
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Əli Nağıyev ötən il sentyabrın 21-də yaşadığı Səbail rayonundan hərbi xidmətə çağırılıb. Sentyabrın 27-dən Ermənistanın təxribatına cavab olaraq başlanan döyüş əməliyyatlarında iştirak edib. Vətən müharibəsinin ilk günündən erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq Füzuli rayonun kəndlərinin azad olunması uğrunda Azərbaycan Milli Ordusunun Zəfər yürüşünə qoşulub. Sonralar onun cəbhə yolu Cəbrayıldan, Hadrutdan və Xocavənddən keçib.
Cəbhənin ən qaynar nöqtələrindən olan Xocavənd rayonunda hər gün yeni-yeni yaşayış məntəqələri düşmən tapdağından təmizlənirdi. Azərbaycan əsgərlərinin vurduğu zərbələr nəticəsində geri çəkilən düşmən qüvvələri itirdikləri mövqeləri yenidən ələ keçirmək üçün hiyləyə əl atsalar da, sərt müqavimətlə rastlaşır, qaçmağa məcbur olurdular. Əli döyüşçü dostları ilə birlikdə şücaətlə vuruşur, qumbaraatanla düşmən hədəflərinə sərrast atəş açırdı.
Döyüşlərin arasında fürsət tapan kimi evə zəng edir, valideynlərinə toxtaqlıq, ürək-dirək verirdi. Atasına deyirdi: "Hər şey yaxşıdır, ermənilər qaçır, biz də qovuruq... Məndən nigaran olmayın!"
Anası ilə daha nikbin danışırdı: "Ana, heç nəyin fikrini çəkmə! Tezliklə döyüş əməliyyatları qələbəmizlə bitəcək və qayıdacağam. Yenə maaşımı alanda səninlə birlikdə dükan-bazara gedib alış-veriş edəcəyik. Az qalıb, lap yaxın vaxtlarda doğma Ucara elçiliyə gedəcəksən".
Onun bu sözlərindən ana qəlbi sevinir, həm də həyəcanla çırpınırdı. Lakin heç cür rahatlıq tapmırdı. Hər gün dualar edir, bu qalibiyyət yürüşünün Qələbə ilə bitməsini, Əlinin sağ-salamat evə qayıtmasını arzu edirdi. O, son günlər daha çox nigaran idi. Ana qəlbinə hər şey ayan olur.
Oktyabrın 20-də Əli hərbçi yoldaşları ilə birlikdə Xocavənddə pusquya düşüb. Onlar düşmənə əsir düşməmək üçün özlərini qumbara ilə partlatmaq istəyiblər. Lakin pusqudan çıxa bilsələr də, ermənilərin mərmi yağışına tuş gəliblər. Əlinin yaxınlığına minaatan mərmisi düşüb, igid əsgər ölümcül yara alıb. Xocavənd bölgəsi uğrunda gedən həmin qızğın döyüşdə Əli Mehman oğlu Nağıyev şəhidlik zirvəsinə ucalıb.
"Onun nəşini oktyabrın 22-də gətirdilər. Həmin gün axşam evə qayıdanda həyətimizdə camaatın toplaşdığını gördüm. İzdihamdan küçədə tərpənmək mümkün deyildi", - deyə şəhid atası həmin kədərli günü xatırlayır.
29 yaşlı şəhid Bakının Səbail rayonunda torpağa tapşırıldı. Bir həyətdə toy çalınmadı, ana arzusu ürəyində qaldı, Ucarda bir qızın barmağına üzük taxılmadı...
Atası deyir: "Şükür edirəm ki, Əlinin qanı yerdə qalmadı, xalqımız öz əzəli torpaqlarına qovuşdu. Uzun illərin həsrətinə son qoyuldu. Əlinin oxuduğu 91 nömrəli məktəbin müəllimləri, döyüşçü dostları, iş yoldaşları, onu tanıyan və tanımayanlar bizi tək qoymur, tez-tez qəhrəman Vətən əsgərinin böyüdüyü ocağa baş çəkirlər".
Şəhid Əli Nağıyev "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.