Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 20:12
Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermə nəticəsində "Neftçi" klubunun hücumçusu Namik Ələskərov bu ada layiq görülüb.
Səsvermədə 8 komandadan ümumilikdə 184 nəfər (176 futbolçu, 8 baş məşqçi) iştirak edib.
"Qəbələ"nin 25, "Səbail"in 24, "Zirə", "Keşlə" və "Neftçi"nin hərəyə 23, "Sumqayıt"ın 21, "Sabah"ın 19, "Qarabağ"ın 18 oyunçusu öz variantını açıqlayıb.
Səsverənlər ümumilikdə 32 futbolçu arasında seçim ediblər. Nəticədə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərov 51 səslə birinci yeri tutub. O, səslərdən 48-ni futbolçulardan, 3-nü isə baş məşqçilərdən alıb. Ötən mövsümün ən yaxşısı seçilmiş "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir futbolçulardan 32, baş məşqçilərdən 2 səs alaraq, bu dəfə ikinci olub. Üçüncü yeri isə "Neftçi"nin daha bir orta sahə oyunçusu Sabir Buqrin 24 səslə tutub. Ona səslərin hamısını futbolçular verib.
Qalan baş məşqçilərdən 2-si "Neftçi"dən Emin Mahmudova, 1-i isə "Qarabağ"dan Mahir Emreliyə səs verib.
Bundan başqa, Mahmudov və Rəhim Sadıxov ("Sumqayıt") hərəyə 8, Filip Ozobiç ("Qarabağ") 7, Şahruddin Məhəmmədəliyev ("Qarabağ") 6, İsmayıl ibrahimli ("Qarabağ") və Qismət Alıyev ("Zirə") hərəyə 5, Vüqar Mustafayev ("Sumqayıt") - 4, Emreli, Patrik Andrade ("Qarabağ") və Sezar Meza Kolli ("Keşlə") hərəyə 3 səs, Qara Qarayev ("Qarabağ"), Toral Bayramov ("Qarabağ"), Ehtiram Şahverdiyev ("Qəbələ"), Rüfət Əhmədov ("Qəbələ") hərəyə 2 səs yığıblar.
"Qəbələ"dən Anar Nəzirov, Asif Məmmədov və Kamal Mirzəyev, "Zirə"dən Riçard Almeyda, Elvin Camalov və Sertan Taşkın, "Səbail"dən Amil Yunanov, Urfan Abbasov və Rahid Əmirquliyev, "Neftçi"dən Ömər Buludov, Stiven Jozef-Monroz və Voyislav Stankoviç, "Sabah"dan Saşa Stamenkoviç və Xulio Sezar Rodriges, "Sumqayıt"dan Vurğun Hüseynov hərəyə 1 səs toplayıblar.
Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.
Ələskərov 2020/2021 mövsümündə Azərbaycan çempionu və 19 qolla bombardir olub.
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl dörd ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Sumqayıt"a məxsus Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.