Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Los Ancelesdəki Baş Konsulluğumuz Respublika Gününə aid film hazırlayıb

Los Ancelesdəki Baş Konsulluğumuz Respublika Gününə aid film hazırlayıb

Tarix: 28 May 2021 10:00

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 28 may - Respublika Gününə həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Baş Konsulluqdan Sonxeber.net-a verilən məlumata görə, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Koroğlu" üvertürasının müşayiəti ilə təqdim olunan, rəngarəng şəkil və videoların əks olunduğu filmdə Azərbaycan Demokratik Respublikasının (ADR) 1918-ci ildə qurulduğu və müsəlman dünyasında ilk dünyəvi demokratik ölkə olduğu qeyd edilir. Həmçinin, Azərbaycanın 1919-cu ildə müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verdiyi vurğulanır.

Filmdə ADR-in mütərəqqi islahatlar apararaq müasir dövlət quruculuğuna başladığı bildirilir. Ancaq zəngin neft ehtiyatlarına sahib Azərbaycanın bolşeviklərin əsas hədəfi olduğu, Vladimir Leninin "Sovet dövləti Bakı nefti olmadan sağ qala bilməz" sözləri vurğulanaraq, 28 aprel 1920-ci ildə Sovet ordusunun Azərbaycanı işğal etdiyi və respublikamızın müstəqilliyinə son qoyduğu qeyd edilir. 50 min azərbaycanlının bu işğala qarşı mübarizədə həlak olduğu diqqətə çatdırılır.

Azərbaycanın 71 il sonra, 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyi, 2020-ci ildə isə öz torpaqlarını 30 illik işğaldan azad etdiyi filmdə vurğulanır. Azərbaycanın bu gün müstəqil dövlət kimi regionda ən güclü iqtisadiyyata malik ölkə olduğu, qitələri birləşdirən nəhəng layihələr həyata keçirdiyi və bütün dünyaya dinlərarası harmoniya üzrə bariz nümunə olduğu bildirilir. Filmdə ölkəmizin öz mütərəqqi irsi ilə fəxr etdiyi və gələcəyə doğru inamla addımladığı qeyd edilir.

Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirlikləri tərəfindən müvafiq olaraq ispan və yunan dillərinə də tərcümə olunub.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 24 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

Qısa filmi burada izləmək mümkündür: https://youtu.be/DqK8E7XY8dE


Etiketlər:  Ancelesdəki Baş Konsulluğumuz Respublika Gününə film hazırlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ