Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 15:51
44 günlük Vətən müharibəsindəki qələbə Ermənistanın cinayətlərini dünya ictimaiyyətinə nümayiş etdirmək baxımından olduqca əlverişli imkanlar yaratdı. Düşmənin 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vəhşilik, vandallıq bütün çılpaqlığı ilə o torpaqların hər qarışında hiss edilməkdədir.
Erməni vəhşilyi sərhəd tanımır
10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən Ermənistan tərəfi illər ərzində Azərbaycan ərazilərində basırdıqları mina xəritələrini Azərbaycana vermək kimi öhdəlik götürsə də II Qarabağ savaşının bitməyindən 7 ay keçməsinə baxmayaraq bugünə kimi rəsmi İrəvan sözügedən xəritələri vermək niyyətində deyil.
Mina xəritələrinin hələ də rəsmi Bakıya təhvil verilməməsi Ermənistanın növbəti hərbi cinayətidir. İşğaldan azad olunan Qarabağda ərazilərin minalanması həmən ərazilərdə abadlıq, quruculuq işlərinin həyata keçirilməsinə böyük maneə törətməklə yanaşı hər keçən gün orada həm mülkü şəxslərin, eləcə də hərbi qulluqçular həmən minaların qurbanları olması ilə nəticələnir.
Ermənistanın növbəti terroru
Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir. Belə ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "Kamaz" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.
İstisna edilmir ki, həmin minalar həm I Qarabağ müharibəsində, həm Vətən müharibəsinin gedişində, eləcə də ermənilərin ərazilərdən geri çəkilməsi zamanı pərakəndə formada basdırılıb. Hər keçən gün həm mülkü şəxslər, eləcə də hərbi qulluqçular həmən minaların qurbanları olurlar. Bugün media nümayəndələrinin də qurbanı olduqları hadisənin bir adı var - erməni terroru.
Ermənistanda minalanmış ərazilərin xəritələri var və bu xəritələrin verilməməsi Ermənistanın növbəti hərbi cinayəti hesab olunur. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 120-dən çox insan həlak olub və yaralanıb.
Azərbaycanın minalanış ərazilərin xəritəsi verilmədiyi müddətcə mütəmadi olaraq növbəti insan itkiləri ilə qarşılaşacağı ehtimalları az deyil. Müharibə sona çatsa da bu gün baş verən daha bir dəhşətli faciə Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinin hələ də davam etdiyini göstərir, düşmənin mülki şəxslərə qarşı törətdiyi amansız cinayətlərin daha bir nümunəsidir. Bu, eyni zamanda media nümayəndələrinin işğaldan azad olunan ərazilərimizdə faəliyyətinə qarşı yönəlmiş terror aktıdır.
Beynəlxalq media təsisatlar, jurnalistlərin hüquqlarını qoruyan təşkilatlar təcili olaraq Azərbaycanla həmrəylik nümayiş etdirərək Ermənistandan mina xəritələrini gizlədərək mülki insanları hədəf alan siyasətə son qoymağı tələb etməlidirlər. Əks təqdirdə daha dəhşətli terror aktları qaçılmaz ola bilər. Ən acınacaqlı olanı Ermənistan hökumətinin hələ də hərbi cinayətlərdən əl çəkməməsinə baxmayaraq beynəlxalq qurumların rəsmi İrəvana qarşı heç bir tədbir görməmələri yolverilməzdir. Erməni təssübkeşliyi çəkən adını insan haqlarının müdafiəçisi qoymuş, lakin beynəlxalq hüququn bütün kodekslərini ayaq altına atan dairələr, təşkilatlar, dövlətlər nəzərə almalıdırlar ki, Azərbaycanın da səbri bir yerə qədərdir.
Bu məsələdə dünya hələ də susur, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmirlər. Amma bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar, xüsusən hüquq müdafiəsi sahəsində ixtisaslaşan təşkilatlar Ermənistan tərəfinə ciddi təzyiq göstərməlidirlər. Əgər ciddi təzyiqlərdən nəticə çıxarmasa, Ermənistana sanksiyalar tətbiq edilməlidir.
Çox təəssüf ki, dünyada ikili standartlar mövcuddur və bu gün də biz o ikili standartları Ermənistana təzyiq göstərməməkdə görürük. Çünkü Ermənistana beynəlxalq təzyiqləri artıraraq onun bu xəritələri verməsinə nail olmaq mümkündür. Beynəlxalq təşkilatların da məhz əsas işi ondan ibartdir ki, belə hallarda Ermənistan kimi dövlət idarəçiliyi terrorçuluq üzərində qurulan ölkələrə ciddi təzyiq göstərsinlər.
Təhməz Əsədov