Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 13:56
"Ermənistanda yenə də Nikol Paşinyanın şansı yüksək olaraq qiymətləndirilir. Amma son sorğular göstərir ki, Paşinyanın reytinqi 40%-dən artıq 22%-ə qədər aşağı düşüb".
Bunu Sonxeber.net-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Ermənistan əhalisi hətta Paşinyan seçkilərdə uduzsa belə, oradakı Köçəryan-Sarkisyan rejiminin hakimiyyətə gəlməsini istəmir:
"Paşinyanın əsas rəqibi olan keçmiş Qarabağ klanının nümayəndəsi Köçəryanın reytinqi isə həmişə çox aşağı faiz göstəriciyə malik idi. Onun da artıq reytinqi 20%-ə çatır. Bu o deməkdir ki, Paşinyan üçün həqiqətən də çox ciddi təhlükə qabaqdadır. Belə ki, onun bütün rəqibləri birləşiblər, vahid koalisiya şəklində ona qarşı mövqe tuturlar. Bundan başqa Rusiya da çox ağır şəkildə həm Qarabağ ermənilərinin, həm Ermənistan ordusundakı hərbçilərin, həm Dağlıq Qarabağdakı separatçıların əli ilə Paşinyanın əleyhinə təbliğat aparır, onun seçilməyini istəmir.
Qarabağ klanının ənənəvi olaraq Rusiyaya yaxın olduğu bəllidir. Robert Köçəryan Kremlin dostudur. Ona görə, o, müharibədəki rəzil məğlubiyyətin bütün günahını Paşinyanın üzərinə yıxıb, onu məğlub etmək istəyir. Rusiya çox açıq şəkildə Köçəryanı, Paşinyana qarşı koalisiyanın yaranmasını dəstəkləyir. Paşinyan isə buna qarşılıq olaraq Qərbdən dəstək umur, ona görə də o, Fransaya səfər etdi, Makronla görüşdü, Fransada özünə dəstək aradı, eyni zamanda oradan Rusiyadan ikibaşlı şikayət etdi ki, Rusiya onu birmənalı olaraq dəstəkləmədi və s. Paşinyan göstərmək istəyir ki, əslində müharibəni uduzmaqda onun heç bir günahı yoxdur, torpaqları itirməkdə həm ondan əvvəlki hakimiyyətin yarıtmaz ordu siyasəti, yarıtmaz xarici siyasəti və iqtisadiyyatı iflic vəziyyətinə salmaqları dayanır. Eyni zamanda həm də göstərmək istəyir ki, Rusiyanın dəstək olmaması da Ermənistanın torpaqları itirilməsində əhəmiyyətli rol oynayıb. O, bunları sübut etməyə çalışır.
Uzun zamandır Paşinyana qarşı kampaniya öz effektini vermirdi. Belə ki, əhali oradakı Köçəryan-Sarkisyan rejimindən bezib. 30 ildir bu qəddar, cinayətkar dəstə, hərbi qruplaşma, rüşvətxor, korrupsioner, cinayətkar Qarabağ klanı ölkəni idarə edib, insanların var-dövlətini oğurlayıblar, büdcəni talayıblar. Əhali aclıq əziyyəti çəkir, iqtisadi durumları çox pisdir, sosial durumları acınacaqlı vəziyyətdədir. Onlar ölkəni çapıb-talayıblar, ona görə də ölkə əhalisi hətta Paşinyan uduzsa belə, həmin cinayətkar klanı hakimiyyətə gətirmək istəmir. Ona görə də, Paşinyana dəstək davam edir, hətta anti-Paşinyan mitinqlərində 50-100 nəfərdən artıq adam görə bilmirik. Halbuki Paşinyanın təşkil etdiyi mitinqlərdə daha çox adam görmək mümkündür. Amma indi görünür ki, bəlkə müəyyən vədlərdə, müəyyən siyasi gedişlərlə Köçəryanın artıq reytinqini artırmağa çalışırlar. Düşünürəm ki, yenə də Paşinyana qalib gəlmək çətin olacaq. Təbii seçkilərdə Paşinyanı üstələyəcək bir lider yoxdur. Ancaq bir halda Paşinyana qalib gələ bilərlər: Ya seçkiləri hansısa şəkildə saxtalaşdıracaqlar, yaxud bir neçə müxalif namizəd çıxaracaqlar, bu yolla səsləri böləcəklər. Daha sonra isə həmin müxalif namizədlər Köçəryanla blokda birləşib Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaqlar".
Təhməz Əsədov