Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 22:56
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun ərazisində yerləşən Parağaçay qəsəbəsi təbiətsevərlər üçün ən gözəl səyahət məkanlarından biri kimi diqqəti cəlb edir. Qəsəbə qədim diyarın ən yüksək zirvəsi olan Qapıcığın zirvəsi ilə üz-üzə, Zəngəzur silsiləsinin ətəyində yerləşir. Burada yaşıllıqla səssizlik füsunkar təbiət harmoniyası yaradır, insanın ruhuna mənəvi rahatlıq bəxş edir.
Parağaçaydan yola çıxaraq dağın yamacları boyunca birnəfəsə yürüş edəndən, buz kimi dağ çayından bir ovuc su içəndən, təbiətin yaratdığı möcüzəni öz gözlərinlə görəndən sonra bu yerlərə heyran qalmamaq olmur. Məhz belə təbiət gözəllikləri müasir ekoturizm həvəskarlarını özünə çəkən cazibə qüvvəsidir.
Rayonun mərkəzindən 52 kilometr şimal-şərqdə, Ordubad-Tivi avtomobil yolunun qərbində, Gilançayın sağ sahilində yerləşən Parağaçay həm də Ermənistanla sərhəddədir. Buna baxmayaraq, bu gün qəsəbəyə yolu düşən təbiətsevərlər Qapıcığın ətəklərini rahat gəzir. Çünki qarşıda zirvələrdə qartal kimi qərar tutan Azərbaycan Ordusunun igid əsgərləri Vətənin keşiyində ayıq-sayıq dayanıblar.
Ümumiyyətlə, isti yay günlərində şəhərin səs-küyündən, bürküsündən qaçaraq, muxtar respublikanın yaqut kimi gözəl təbiətinə üz tutanların sayı hər gün daha da artmaqdadır. Bu sırada Parağaçay qəsəbəsi də özünəməxsus yerə malikdir.
"Yüz dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır", - deyib atalarımız.
Sonxeber.net AZƏRTAC-a istinadən Parağaçayın və onun füsunkar təbiətinin gözəlliyini əks etdirən fotoreportajı təqdim edir.