Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 15:02
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri artıq özünü göstərir. Seçkisonrası gərginlik start götürməyə başlayıb. Yerevanda müxalifət nümayəndələrindən birinin avtomobilinə qoyulan partlayıcının ardınca, bu dəfə Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində - Xankəndində ermənilər aksiya keçirib.
Erməni xəbər saytlarının yaydıqları xəbərə görə, tələb separatçı Araik Arutyunyanın istefasıdır. Mitinqdə bildiriblər ki, Nikol Paşinyan və Araik Arutyunyanın sayəsində ermənilər müharibəni uduzub, onlar kapitulyasiyaya imza atıblar. Etirazçılar aksiya zamanı Arutyunyanın ünvanına "Xain", "Get!" şüarları səsləndiriblər. Buna səbəb olaraq Araikin Ermənistanda seçki günündə Nikol Paşinyanın qərargahında olaraq onu dəstəkləməsi göstərilib. "İnsanlar çox qəzəblidir, biz çoxdandır ki, dözürdük. İndi səbir kasamız daşıb. Görünür, sabah Xankəndidə daha böyük nümayişlər baş tutacaq", - deyə aksiya iştirakçılarından biri bildirib. Mitinqçilər hətta Arutyunyanı və Paşinyanı müharibə vaxtı yalan məlumat yaymaqda, məğlubiyyətlərə baxmayaraq, hər şeyin yaxşı olduğunu deməkdə ittiham ediblər. Maraqlıdır ki, bu aksiyalar Nikol Paşinyan seçkilərdə qalib olduqdan dərhal sonra start götürüb. Böyük ehtimalla, bunun arxasında hansısa bir plan var. Belə olmasaydı, nədən Qarabağdakı məğlubiyyətdən səkkiz ay sonra belə bir aksiya keçirilir? Gün kimi aydındır ki, aksiyanın arxasında Robert Köçəryan və ona bağlı qüvvələr durur.
Erməni teleqram kanalları da aksiyaların arxasında Koçaryanın adamlarının durduğunu iddia edir. Səbəb kimi də erməni əhalisinə iki növ pasport veriləcəyi göstərilir. Birincisi, pasportlar Rusiyanın cənubuna köçmək istəyənlərə veriləcək. İkincisi, Azərbaycan pasportudur, sonuncunu burada qalıb Azərbaycan dotasiyasını, təsərrüfatlarını inkişaf etdimək istəyənlər alacaq.
Beləliklə, Xankəndindəki aksiyalar planlaşdırılan aksiyalara oxşayır. Onların İrəvanda keçirilən aksiyalara paralel olduğu bildirilir. Görünür, "Qarabağ klanı" Xankəndində ciddi məğlubiyyətini xarici sponsorları ilə gərginliyi saxlamaq üçün istifadə etməyə çalışır. Xatırladaq ki, müharibədən sonra Araik özünün xilası üçün Vitali Balasanyanı qondarma quruma "təhlükəsizlik şurası"nın sədri seçib. Koçaryanın sabiq mühafizəçisinin oğlunu yeni yaradılan "din"ə rəis təyin edib. İndi isə görünən odur ki, Paşinyanın qələbəsindən sonra bu qondarma koalisiya da çat verməkdədir.
Kamran Seyidov