Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 23:56
Qarabağımızın düşmən işğalından azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimiz arasında Nurlan və İntiqam Əsgərli qardaşları da var. Nurlan Aprel döyüşlərində, İntiqam isə Vətən müharibəsində - Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Sonxeber.net bildirir ki, AZƏRTAC-ın əməkdaşı şəhid qardaşların doğulduğu Masallı rayonunun Viləş kəndində Əsgərlilər ailəsinin qonağı olub.
Vətən üçün igid oğullar yetişdirən şəhid ailəsi təkcə öz övladlarının deyil, digər bölgələrdən olan şəhidlərimizin də şəkillərindən ibarət fotostendlər hazırlatdıraraq evin hasarına vurublar. Bu görüntü hər kəsdə iftixar hissi doğurur.
Nurlan və İntiqam qardaşlarının atası Bayram kişi deyir ki, onlar təkcə qardaş yox, həm də döyüş yoldaşı olublar. "Böyük Qələbəyə gedən yol Aprel döyüşlərindən başlayır. Aprel döyüşləri zamanı Nurlan Talış kəndi istiqamətindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 21 yaşlı döyüşçü qardaşı İntiqamın gözləri önündə şəhid olub. Özündən beş yaş kiçik qardaşının cəsədini döyüş meydanından da elə İntiqam çıxarıb", - deyə şəhid atası bildirib.
İgid döyüşçülər yetişdirən ana Ziba Əsgərova da oğlanlarının şəhidlik zirvəsinə ucalması ilə qürur duyur: "Oğlanlarımla fəxr edirəm, onlar Vətən uğrunda şəhid oldular. Nurlan qardaşının qucağında son nəfəsini verdi. Son sözü də bu oldu - "Qardaş kaş ki, Şuşaya bayraq sancandan sonra şəhid olaydım". İntiqam öz qardaşının arzusunu reallaşdırdı. Şuşaya bayrağımız sancıldı. Hərbçi yoldaşları deyir ki, İntiqam noyabrın 8-i Şuşadakı məscidin qarşısında olub. Qardaşı Aprel döyüşlərində şəhid olduğuna görə, mənə dedilər ki, istəyirsinizsə İntiqam geri qayıtsın. Dedim ki, mən istəsəm də o, öz işini heç vaxt yarımçıq qoyub qayıtmaz. Mən hər iki oğlumla fəxr edirəm. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. İgid oğullarımızın şücaəti qarşısında baş əyirəm. Məhz onların sayəsində torpaqlarımız azad oldu".
Şəhid anası deyir ki, böyük oğlu İntiqama həm Vətəninin, həm qardaşı Nurlanın, həm də döyüşçü yoldaşlarının intiqamını almaq nəsib oldu. Nurlanın adını İntiqam qoymuşdu. Nurlanın şəhadətindən sonra onun dünyaya gələn qızına da qardaşının xatirəsini əziz etmək üçün Nur adını vermişdi.
"İntiqam şəhid olandan sonra dünyaya gələn oğluna isə öz adını - İntiqam adını verdik. Onun iki övladı şəhid əmisi və atasının adına layiq böyüyəcəklər", - deyə Ziba Əsgərova vurğulayıb.
İntiqamla Fərqiyyə iki il idi ki, evlənmişdilər. Onların iki övladı var. Fərqiyyə deyir ki, həyat yoldaşı ilə hər zaman qürur duyacaq: "Belə həyat yoldaşım olduğu üçün fəxr edirəm. İndi balaca İntiqamımız böyüyür. İnşallah, övladlarımız da ataları ilə fəxr edəcəklər. Bu övladları elə böyüdəcəyəm ki, onun adına layiq olsunlar".
Qeyd edək ki, Aprel döyüşlərində şəhid olan Nurlan Əsgərli "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı, İntiqam Əsgərli isə Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Prezidentin Sərəncamı ilə İntiqam Əsgərliyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.