Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 13:22
Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində vəziyyət gün keçdikcə ağırlaşır.
Qarabağlı ermənilərin maliyyə, sosial, mədəni və s. baxımdan vəziyyətləri çox pisdir.
Xankəndindəki separatçı rejimin rəhbərliyi və mənsubları bunu etiraf etməsələr də, adi, sıravi qarabağlı ermənilərin yaşamları zillətə çevrilib.
İkinci Qarabağ Müharibəsi başa çatandan və Ermənistan tam kapitulyasiya edəndən sonra Qarabağdakı separatçı rejimin maliyyə, maddi, texniki, iqtisadi durumu fasiləsiz pisləşir.
Əkin sahələrindən tutmuş, elektrostansiyalara qədər ən müxtəlif müstəvilərdə gəlir və təminat mənbələri əldən çıxan separatçı rejim indi total şəkildə Ermənistandan göndərilən yardımlardan asılı vəziyyətdədir.
Rusiyalı sülhməramlıların humanitar yardım kampaniyaları da qarabağlı ermənilər üçün yaşam mənbəyinə çevrilib.
Bütün bunlarla yanaşı, gələcəklə bağlı heç bir dəqiq plan və ya perspektivlərin olmaması, "Qarabağın statusu" idefiksinin tarixə qovuşduğunun dəqiqləşməsi kimi məqamlar da qarabağlı ermənilər arasında ruh düşkünlüyü ilə depressiyaya səbəb olub.
Sonxeber.net bildirir ki, İrəvandakı "Open Armenia" qeyri-hökumət təşkilatları koalisiyası (forum) Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə rəy sorğusu keçirib.
Anonim keçirilən sorğuda respondentlərin 64 faizi yaşadıqları məkanı tərk edərək mühacirət etmək arzusunda olduqlarını deyiblər. Rusiyaya getmək istəyənlərin sayı 32 faiz olub. Sonrakı yerlərdə ABŞ (25 faiz), Kanada (17 faiz), Qazaxıstan (12 faiz), Ukrayna (4 faiz) və Fransa (3 faiz) olub.
Rəyi soruşulanların 86 faizi maddi-sosial durumlarının çox pis, 91 faizi psixoloji vəziyyətlərinin qənaətbəxş olmadıqlarını vurğulayıblar.
"Qarabağın statusu necə olacaq?" sualına rəyi soruşulanların 64 faizi "bilmirəm", 22 faizi "hər şey artıq həll olunub" deyiblər.
Maraqlıdır ki, respondentlərin 43 faizi Rusiyanı "qarabağlı ermənilərin dostu və müttəfiqi" hesab etmir.