Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 14:34
Bu mövsüm Bakı bazarlarında kiloqramı 25-35 qəpiyə satılan qarpız bölgələrdə 10 qəpikdən də aşağı təklif edilir. Fermerlər deyirlər ki, indiki qiymət onlara heç sərfəli deyil. Çünki istixana şəraitində yetişdirilən qarpızın kiloqramının maya dəyəri təxminən 17-18 qəpiyə başa gəlir, üstəlik bu mövsümdə toxum, işçi qüvvəsi də bahalaşıb.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, bu il məhsul boldur, bolluq isə qiymətlərə təsir edib. Bununla belə, bu həftədən qiymətlərin bir qədər artacağı gözlənilir. Çünki istixana şəraitində yetişdirilən qarpız tükənmək üzrədir. Açıq sahədə məhsul yetişdirənlərin sayı isə dəfələrlə azalıb. Səbəb qarpız yetişdirməyin sərfəli olmamasıdır.
Fermer: "Bizlər dolanmaq üçün, bir az pulu olan isə yatırım üçün qarpız əkir..."
Sabirabadlı fermer Hafiz Məmmədov deyir ki, indiki halda daha çox istixana şəraitində qarpız yetişdirən kəndli-fermerlər ziyana düşüblər. Baxmayaraq ki, mövsümün əvvəlində məhsullarını sərfəli qiymətə sata bilirdilər. Onun sözlərinə görə, 1 hektar sahədə qarpız yetişdirmək təxminən 4500 manata başa gəlib. Qarpızın kiloqramını 10 qəpiyə satanda qazanc götürmək mümkün olmur.
Fermer əlavə edib ki, bu həftənin əvvəlində qarpızın kiloqramı 17 qəpiyə qalxıb. Bu da nisbətən sərfəli qiymətdir, amma nə qədər belə davam edəcək, onu bilmir.
H.Məmmədov illərdir qarpız əkməklə dolanır. Deyir ki, son iki ildə çətinliklə qarşılaşıblar.
"Ötən il - pandemiya dövründə vəziyyət indikindən yaxşı oldu. Mənim kimi fermerlər dolanmaq üçün məhsul əkir. Amma indi bir az pulu olan istixana yaradıb, qarpız, ya başqa bostan məhsulları, yaxud tərəvəz əkir. Nəticədə bazarda ifrat bolluq yaranır. Qarpız əziyyətli sahədir, səhər tezdən çıxıb, geciyədək sahədə işləyirik. Günün altında işləməkdən rəngimiz qara qarğanın rəngindən seçilmir",- H.Məmmədov deyib.
Fermerin sözlərinə görə, son illər açıq sahədə məhsul əkini dəfələrlə azalıb. Çünki istixanada yetişdirilən qarpızı mövsüm əvvəlində nisbətən baha satmaqla qazanc götürürlər, amma açıq sahələrdə qarpız yetişəndə qiymət xeyli ucuzlaşır: "Təkcə qarpızda deyil, pomidorda da eyni vəziyyət yarandı. İstixana şəraitində yetişdirilən məhsul hesabına bolluq yarandı, qiymətlər düşdü".
Toxumun dənəsi 10 qəpiyədir
H.Məmmədov deyib ki, toxumun dənəsini 10 qəpikdən alırlar: "Həm yerli, həm də xaricdən gətirilən toxumun dənəsini 10 qəpikdən alırıq. Bundan əlavə, ötən il işçi günü 10-11 manatdan işləyirdi, bu il 15-16 manatdan aşağı işləyən yoxdur. Mən açıq sahədə, 4 hektar ərazidə qarpız əkmişəm. Hər hektara 1800 manat xərcləmişəm. Qarpızın kiloqramını 20 qəpikdən sata bilsəm sərfəli olar. 30 qəpikdən sata bilsəm , hər kiloqramında təxminən 10 qəpik xeyir götürərəm. Amma hanı? İndiki qiymət heç mayasını ödəmir".
Fermer əlavə edib ki, xarici bazar yerli bazardan daha sərfəlidir, çünki becərdikləri məhsulu yerli bazardan iki dəfə baha sata bilirlər. Sabirabadlı fermerlər bu il Ukrayna və Rusiya bazarlarına məhsul çıxarıblar.
"İri qarpızlara tələbat azalıb..."
Digər fermer Sahib Abbasov isə deyib ki, öz sahəsinə bu il "dolbe" və "talesman" xarici sortlarından əkib. Əvvəlki illərə nisbətən indi bazarda iri qarpızlara təlabat azalıb. Xarici sortların isə məhsuldarlığı yüksək, ölçüsü kiçik, yetişmə müddəti az olur: "Alıcı var, amma təklif edilən qiymət aşağıdır. Bir yandan əhalinin alıcılıq qabiliyyəti düşüb, toylar keçirilmir, digər tərəfdən, yol xərci artıb. Onları da qınamaq olmur, gərək elə qiymətə alsınlar ki, Bakı bazarlarına çıxaranda sata bilsinlər".
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, qarpız əkən fermerlərə hər hektara görə 220 manat subsidiya verilir. Bu il dizelin bahalaşması ilə əlaqədar məbləğ 20 manat artırılaraq 240 manata çatdırılıb. Fermerlərə gübrə satışında da güzəşt edilir. Amma bazarda qiymət tələb və təklif əsasında formalaşır, yəni inzibati yollarla qarpızın fermerlər üçün daha sərfəli qiymətini formalaşdırmaq mümkün deyil.