Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 15:20
Amerikalı videobloqqer Doug Barnard işğaldan azad olunmuş ərazilərimizə səyahəti ilə bağlı yeni video paylaşıb. "Show Me Azerbaijan" layihəsi çərçivəsində may ayının sonunda Azərbaycana səfər etmiş səyyah Ağdam, Füzuli və Cəbrayılda gördükləri ilə bağlı təəssüratlarını öz youtube kanalında yayımlayıb.
Öncə Gəncə şəhərində Ermənistan tərəfindən ballistik raket hücumları nəticəsində dağınıtılara məruz qalmış evlərin çəkilişini edən videobloqqer bu hücumlar nəticəsində 32 dinc vətəndaşın həyatını itirdiyini, 120-dən çox sakinin yaralandığını bildirib. Daha sonra işğaldan azad edilmiş Ağdam şəhərinə yola düşən videobloqqer erməni işğalının ağır və dağıdıcı nəticələrini çəkərək gördükləri haqda məlumat verib. Səfərdə iştirak edən məcburi köçkün Fəxrəddin Hacıyevin 28 il sonra ilk dəfə öz doğma şəhərinə qayıdışı və yerlə yeksan edilmiş evini tapması videoda izləyicilərə təqdim olunub. Video-bloqda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elməddin Mehdiyev işğaldan öncə Ağdam şəhərində yaşayan otuz min sakinin erməni işğalçıları tərəfindən didərgin salındığını və Ağdam şəhərinin işğaldan sonrakı dövrdə misilsiz dağıntılara məruz qaldığı üçün "ruhlar şəhəri" adlandırıldığını qeyd edib. Ağdam Cümə Məscidinə gələn videobloqer onun tarixi haqda qısa məlumat verərək, işğal dövründə tövlə kimi istifadə edildiyini təəssüflə bildirib. Bloqqer ərazilərin işğal zamanı minalandığını və hal-hazırda minalı geniş ərazilərin insanlar üçün böyük həyati təhlükə yaratdığını qeyd edib.
İranla həmsərhəd ərazilərə, o cümlədən Xudafərin körpüsünə gedən vidobloqqer körpünün tarixi haqda öz izləyicilərinə məlumat verib.
Xatırladaq ki, "Show Me Azerbaijan" layihəsi İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib və layihədə 8 ölkədən 13 sosial media fenomeni iştirak edib. Layihənin təşkil edilməsində əsas məqsədlərdən biri azad edilmiş ərazilərimizdə mövcud olan vəziyyət, işğalın ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və vandallıqlar ilə beynəlxalq ictimaiyyəti yaxından tanış etmək olub.
Amerikalı videobloqerin reportajı ilə ətraflı bu linkdən tanış olmaq olar: https://www.youtube.com/watch?v=cXYjGRDCFbM