Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edən XTQ-nin şəhid zabiti Nəbi Hüseynov - FOTO

Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edən XTQ-nin şəhid zabiti Nəbi Hüseynov - FOTO

Tarix: 9 Iyul 2021 23:48

Bu gün Vətən müharibəsi şəhidi Qazax rayonunun Birinci Şıxlı kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Nəbi Hüseynovun doğum gündür. Nəbi Hüseynov Aprel döyüşlərində də iştirak edib, Vətən müharibəsində isə Murovdağ, daha sonra Hadrut istiqamətində döyüşlərə qatılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Nəbi Hüseynov XTQ-nin "N" saylı hərbi hissəsində qrup komandiri, koordinat üzrə mütəxəssis olub. Vətən müharibəsində igidliyi ilə dastan yazan qəhrəmanlarımızdandır. Ailənin fəxri, döyüş yoldaşlarının sevimlisi olan Nəbi yaşasaydı, bu gün 29 yaşı tamam olacaqdı. Ailəsi bu il ilk dəfə doğum gününü onsuz qeyd edir. Atası Hacıbala Hüseynov oğlu ilə hər zaman qürur duyduğunu deyir. "Aprel döyüşlərinin iştirakçısı olub. Ondan sonra xüsusi təyinatlılara keçib. Çox sakit təbiəti, ciddi xasiyyəti var idi. Müharibə başlayanda, orada olduğunu demədi. Zəng edəndə deyirdi, Sumqayıtda işləyirəm. Şəhid olmamışdan bir gün qabaq zəng etmişdi. Soruşdum ki, haradasan? Dedi, işdəyəm. Sabahı da şəhid xəbərini eşitdik", - deyə H.Hüseynov bildirib.

Nəbi Hüseynov kiçik yaşlarından hərbçi olmaq istəyirdi. O, bu arzu-istəklə böyüyürdü. Nəhayət, 8-ci sinfi bitirdikdən sonra ailəsinin istəyinə qarşı çıxaraq hərb yolunu seçib. İlk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyi oxuyub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı ixtisaslı artilleriya zabiti kimi bitirib. Aprel döyüşlərində topçu zabit kimi iştirak edən Nəbi sonradan Xüsusi Təyinatlı Qüvvələrdə zabit kimi xidmətə davam edib. Anası Gülarə Hüseynova Nəbini evləndirmək istəyirmiş, bunun üçün elçiliyə də hazırlaşırmışlar. Evin son beşiyi idi, fikirlərimi sirlərimi onunla bölüşürdüm. O, evə gələndə dərdimi unudurdum. Bir dəfə məni utandıracaq iş görməyib", - deyə anası Gülarə Hüseynova əlavə edib.

Nəbi müharibənin ilk günlərindən Murov dağı istiqamətindən döyüşlərə başlayıb. Sonra Hadrut, Cəbrayıl istiqamətdə döyüşlərdə iştirak edib. Oktyabrın 9-da isə ailəsinə onun şəhid xəbəri verilib. Daim tapşırıqların icrası üçün kəşfiyyat qrupunun önündə gedən Nəbi Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib. Əmisi deyir ki, uşaqlığı gözü önündə keçib: "Üzündə bir nur var idi. Ata-anasının sözünə qulaq asan olub. Vətən müharibəsində böyük şücaətlər göstərdi. Bir neçə rayonun alınmasında iştirak etdi".

Uşaqlıq dostu, sirdaşı Haqverdi Şamilov da Nəbinin dostcanlı, mehriban xasiyyətli bir gənc olduğunu deyir. "Dostları döyüş yolundan danışanda deyərdilər ki, bir qrup komandiri kimi çox cəsur döyüşçü idi. Onlardan öyrəndiyim məlumata görə, çoxlu sayda düşməni məhv etmişdi. O, əbədi olaraq mənim dostum kimi qalacaq", - deyə H.Şamilov bildirib.

İkinci Qarabağ müharibəsində baş leytenant Nəbi Hüseynovun göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilib. O, "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.


Etiketlər:  Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edən şəhid zabiti Nəbi Hüseynov FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ