Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 16:52
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 4 015 612 təşkil edir. Bu arada koronavirusa yoluxanların və vaksin olunanların 3-cü doza peyvənd olunmaları ətrafında müzakirələr də gedir. Yeri gəlmişkən, vaksinlərin "Delta" ştammına qarşı qoruyuculuğunun olmaması barədə iddialar da var. Digər tərəfdən vaksin olunan şəxslərin virusa yoluxması da peyvəndləmə işinə kölgə salır.
Sonxeber.net xəbər verir ki, həkim-infeksionist Gülnarə Əhmədova Musavat.com-a açıqlamasında hazırda virusla mübarizədə vaksinasiyadan başqa çıxış yolu olmadığını bildirib:
"Əslində lap əvvəldən də qeyd etmişdik ki, qrip peyvəndi necədirsə, koronavirusa qarşı vaksinlər də o cür effekt verir. Yəni xəstəliyi keçirməyən adama bu peyvənd vurulanda xəstəliyə qarşı immunitet yaranır. Peyvəndlər ağırlaşmanın qarşısını ala bilir. Amma tam olaraq yoluxmayacaq deyə qarantiya verilə bilməz. Amma virusla mübarizədə peyvənd yeganə mübarizə üsuludur. Çünki bu gün virusa qarşı başqa preparat icad olunmayıb. Lap əvvəldən də demişdim, bu infeksiyanın kökünü kəsmək o halda mümkün ola bilərdi ki, bütün ölkələr eyni vaxtda qapıları açsın, hər kəs yoluxsun. Yalnız onda yox ola bilərdi. Bir ölkə sərt karantin, digəri yumşalmalara gedir. Bu formada xəstəlikdən qurtulmaq mümkün deyil. Ona görə indiki məqamda ümid yalnız vaksinlərədir".
Həkim vaksin olunandan 6 ay sonra immunitet yaranmayanlara üçüncü dozanın vurulması təklifinə münasibət bildirib:
"Hesab edirəm ki, bu tamamilə lazımsız, artıq bir şeydir. Çünki insan xəstələnib artıq, onda artıq nə immunitet yaranıbsa, yaranıb. Yaranmayıbsa, o insana boş yerə köhnə ştammın virusunu yükləmək mənasızdır. İnsan ilk çıxan ştammla xəstələnib. Üstəgəl peyvənd də o ştammın əsasında hazırlanıb. Yenidən onu insana yeritməklə nə əldə edəcəyik?! Bu sadəcə bədəni yükləməkdir".
Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov isə deyib ki, ÜST koronavirusa qarşı 6 peyvəndi təsdiqləyib, həmin peyvəndlərdən birinin 12 yaşdan yuxarı şəxslərə tətbiq olunmasına başlanılıb:
"Pfizer"in risk qrupunda olan 12 yaşdan yuxarı uşaqlara vurulması tövsiyə olunur. Bu, rahatlıqla uşaqlara vurula bilər. Hazırda digər vaksinlərin uşaqlara tətbiqi ilə bağlı araşdırmalar gedir. Təxminim odur ki, yaxın zamanda 2-3 peyvəndin uşaqlara vurulması mümkün olacaq. Əgər "Pfizer" vaksini əlçatandırsa, 12 yaşdan yuxarı, xüsusən risk qrupu olan uşaqlara vurulması tövsiyə olunur".
O deyib ki, COVID-19-la bağlı risk qrupunda olan uşaqlar xroniki böyrək, ürək, ağciyər, qaraciyər xəstəlikləri olanlardır: "Xüsusən ağciyərlərində problemi olanlar bu qrupa aiddir. Həmçinin COVID-lə bağlı 1 yaş altındakı uşaqlar da risk qrupudur, amma onlar üçün hazırda koronavirus əleyhinə dünyada təsdiqlənmiş peyvənd yoxdur. Amma Amerika artıq 12 yaşdan yuxarı uşaqlara "Pfizer" vaksinini vurur".
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva isə bildirib ki, səyahət zamanı kütləvi yerlərə gedərkən, orada bir çox ölkədən insanların olduğunu nəzərə alaraq maska ilə qorunmaq çox yaxşı haldır:
"Tənəffüslə yoluxan bir çox xəstəliklərə yaxın təmasda olduqda yoluxmaq olar".
Qarayeva qeyd edib ki, yayda uşaqlarla səyahət zamanı xüsusi mazlar və məlhəmlər götürmək lazımdır:
"Bu zaman mazın iyi həşəratları bədəndən uzaqlaşdırır", - deyə o əlavə edib.
Qarayeva əlavə edib ki, pandemiya gigiyena qaydalarının yayılmasında və buna əməl olunmasında müsbət rol oynadı:
"Əvvəl insanlar bu qaydalara əməl etmirdilər, indi isə bununla bağlı məsləhət verməyə də ehtiyac yoxdur:
"İndi insanlar üzərində əl üçün antiseptik məhlul gəzdirir. Tövsiyə edirəm ki, imkan olduğu halda əlləri adi su və sabunla yuyun. Antiseptiklərin çox istifadəsi bəzən allergik reaksiyalar, dəridə qıcıqlanmalar yarada bilir".
O bildirib ki, astma əlaməti olaraq ara-ara öskürək olsa belə, bu da əks göstəriş deyil. Həkim qeyd edib ki, bir çox ölkələr tərkibində civə olan peyvəndləri milli təqvim proqramından çıxarıb:
"İndiki istehsal prosedurları təkmilləşib və zərərlər minumuma enib. İnsanlarda isə bəzi qorxular qalıb. Bir çox ölkədə peyvənd məcburi olub, uşaqlara peyvənd vurdurmadan onları bağçaya qoya, məktəbə göndərə bilməzlər. Valideynlər maariflənməlidirlər ki, bizim ölkədə uşaqlar vaxtında peyvənd olunsun, sadə xəstəliklərdən dünyasını dəyişməsinlər".