Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 11:22
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən xarici diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. İyulun 9,10-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı ümumilikdə 100-dən çox nümayəndəsi Füzuli və Şuşaya səfər ediblər. Diplomatlar əvvəlcə Füzuli Yarımstansiyasi və Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar, ardınca Şuşaya yola düşüblər. Qonaqlara burada cəmi 4-5 ay ərzində görülən işlər və ərazilərin minalardan necə çətinliklə təmizlənməsi, eləcə də erməni vandalizmi haqqında məlumat verilib. Bu səfər bölgəyə dair əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm əhəmiyyət daşıyacaq.
Lakin səfərin Azərbaycan üçün əhəmiyyəti tək bununla kifayətlənmədi...
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə bu səfəri növbəti "əlamətdar" hadisə ilə yadda qaldı. Belə ki, bu səfərlə Azərbaycanın əsl dostları və düşmənlərinin kimliyinə bir daha geniş mənada aydınlıq gəldi. Azərbaycanın 30 il sonra ərazi bütövlüyünü bərpa etməsi erməni qədər kimləri narahat etdiyini üzə çıxarmış oldu.
Belə ki, Azərbaycan xalqının maddi və mənəvi irsinin ermənilər tərəfindən necə talan edilməsini açıq-aydın görmələri üçün akreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı digər səfərlərdə olduğu kimi, bu dəfə də ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nümayəndələri Şuşaya getməkdən imtina etdilər. Bu isə onların onsuz da aşağı olan nüfuzlarını bir qədər də zərbə altına qoydu. Bununla da, bu ölkələr Azərbaycana qarşı növbəti dəfə ikili standartlardan çıxış etdiklərini açıq-aşkar ortaya qoydular. Əslində isə Qarabağ münaqişəsinin niyə 30 ilə yaxın müddətdə həll edilə bilməməsinin də səbəbinin arxasında məhz belə ikiüzlü siyasətin dayandığını demək olar.
Görünür, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini həzm edə bilmirlər. Bu nüansı biz xüsusilə Fransaya aid edə bilərik. Çünki müharibənin ilk günlərindən Fransa hökümətinin ermənipərəst mövqeyi, işğalı dəstəkləyən bəyanatlar səsləndirməsi hər kəsə bəlli idi. Bəlkə də Minsk Qrupunun həmsədr ölkələri ölkələrindəki erməni lobbisini özlərindən küsdürməmək siyasəti tutmaq yolunu seçdilər. Bunu daha çox Rusiyaya da aid edə bilərik. Əslində üçtərəfli bəyanatın vasitəsiçi olan rəsmi Moskvanın sərgilədiyi bu mövqenin başqa adı yoxdur. Onsuz da Rusiya istər 10 noyabr, 11 yanvar bəyanatı ilə olsun, istərsə də Kreml rəhbərinin və Rusiya XİN başçısının son açıqlamaları Rusiyanın yeni geosiyasi reallığı qəbul etdiyini, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini hər dəfəsində açıq şəkildə göstərir. Xüsusilə Paşinyanın son Moskva səfəri zamanı Vladimir Putinin Paşinyanla hər hansı bir rəsmi sənə imzalamaması Rusiyanın hazırki vəziyyətdə Ermənistanla yalnız üçtərəfli sazişlər (10 noyabr, 11 yanvar) çərçivəsində iş birıiyi qurmaqda maraqlı olduğunu göstərir. Lakin səfirin növbəti dəfə işğaldan azad edilmiş ərazilərə getməməsi Rusiya hökümətinin erməni lobbisinə olan sayqısı, onların təsir imkanların məhrum olmamaq məqsədilə atılmış addımdan başqa bir şey deyil. Eyni sözləri ABŞ barədə də deyə bilərik.
ABŞ, Rusiya və Fransa səfirlərinin Qarabağ səfərindən imtinası hardasa başadüşüləndir. Bəlkə də müqəddəs torpaqlara qarşı törədilən erməni vəhşiliyinə 30 il ərzində göz yumduqlarına görə yəqin xəcalət çəkiblər, bəlkə də orada qarşılaşacaqları vandalizmdə öz izlərini görməkdən çəkiniblər. Dünyanı iki dəfə qana bulayan Almaniyanın da eyni davranış sərgiləməsi isə bəzi suallara aydınlıq gətirdi. Almanların adı faşizmlə, ermənilərin adi isə terrorizmlə bir çəkilən yeganə xalqlardır. Hitler dünyanı, Njde nəvələri isə Qarabağı viran qoyub. Bu fakt bir daha Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsində, çay hövzəsinin flora və faunasının məhv edilməsində, bu ekoloji terrorda Almaniyanın "CRONIMET" şirkətinin yaxından iştirak etməsinin heç də təsadüfü olmadığını təsdiqlədi.
Dünya Ermənistanın əsl simasını Azərbaycanda akreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şuşaya səfərində bir daha gördü. Bununla da işğalçı Ermənistan hakimiyyətinin saxta informasiya yaymaq imkanı daha da məhdudlaşdırıldı. Şuşa da daxil olmaqla heç bir ərazidə Ermənistan tərəfindən bərpa işlərinin aparılmaması göstərir ki, bütün bu ərazilər ermənilər üçün yad olub, o ərazilərin əsl sahibləri deyillər. İşğal dövründə yalnız talanla məşğul olan ermənilərdən fərqli olaraq iqtisadi gücü gündən-günə artan Azərbaycan hazırda işğaldan azad olunmuş ərazilərdə qısa vaxt ərzində genişmiqyaslı quruculuq və bərpa işləri aparır. Bu isə ölkəmizin gücünü və böyük potensialını nəinki Ermənistana, eləcə də işğala son qoyulduğu üçün onlar qədər üzülən, regionda Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul edə bilməyən qüvvələrə, dövlətlərə aydın şəkildə nümayiş etdirir.
Təhməz Əsədov