Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 11:52
Ölkəmizdə akkreditə olunan diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri diqqət mərkəzindədir. Xüsəsən də Minsk qrupu həmsədri olan dövlətlərin - Fransa, Rusiya və ABŞ-ın səfirlərinin işğaldan azad olunan Azərbaycanın mədəni paytaxtı Şuşaya səfər etməkdən imtina etmələri geniş rezonans doğurub. Halbuki indiyə qədər 46 ölkənin səfiri Azərbaycanın mədəni paytaxtında olub. Onların arasında Ukrayna, Türkiyə və Pakistan səfirləri də var. Səfər təəssüratlarıı bölüşən diplomatlar bunun əvəzolunmaz olduğunu xüsusi vurğulayıblar.
Onlardan bir neçəsinə nəzərə salaq. Məsələn, torpaqları işğal olunan Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Tvitter hesabında yazdıqları sözün əsl mənasında Azərbaycana olan sevginin necə də səmimi olduğunu göstərir. "Arzular reallaşır. Mən Qarabağın ürəyi, Azərbaycanın mədəni paytaxtı olan Şuşanı ziyarət etdim. Bu mənim Azərbaycanın böyük tarixi-mədəni irsi və işğaldan azad olunan irimiqyaslı bərpa işləri ilə ilk tanışlığım idi", - deyə yazıb. Bu tviti ilə də səfir erməni kütləvi informasiya vasitələrinin sərt və əsassız ittihamları ilə üzləşib. Onu az qala faşizmdə ittiham edib, "mənəvi eybəcər" adlandırıblar. Əlbətdə işğalçı və barbarlardan bundan artıq nəsə gözləmək də olmazdı. Ukraynalı diplomatın obyektiv sözləri onların boğazında yamanca ilişib qalıb.
Ukraynalı diplomatla yanaşı, Pakistan səfiri də xoş sözlərini bölüşüb. Səfir Bilal Hayi yazıb ki, Azərbaycanın incisi Şuşada olmaqdan xoşbəxtdir. "Hər kəsi bu gözəl torpaqda olmaq qisməti, yaşamağı arzu edirəm" yazan səfir əlavə edib ki, "Cıdır düzündan olan görüntü möhtəşəmdir. Rəşadətli Azərbaycan əsgəri düşməni məhz buradan daxil olmaqla şoka salıb. Yalnız ölkəsinə olan məhəbbət belə bir addım atmağa vadar edə bilər. Azərbaycan xalqını Şuşanın geri qayıtması münasibətilə təbrik edirəm".
Və əlbətdə ki, qardaş Türkiyənin səfiri Cahit Bağçı da öz hisslərini söyləməyə bilməzdi. "Mən Şuşada, Azərbaycanın tacı olan Qarabağın tam qəlbindəyəm. Ciyərlərimiz Qafqaz havası ilə doldu. Allaha şükür!" - deyə Instagram səhifəsində yazıb.
Beləliklə, illər uzunu Qarabağ probleminin həlli ilə məşğul olan Minsk qrupu həmsədrləri olan ölkələr - Rusiya, ABŞ və Fransa diplomatları xaric bütün ölkələrin nümayəndələri Azərbaycanın ən böyük qələbəsini müdafiə etdilər. Bu üç dövlətin səfirlərindən başqa. Bəli, artıq nəticə çıxarmağın vaxtı çatıb. Həm dövlətimiz, həm də Azərbaycan ictimaiyyəti sözsüz ki, bundan özü üçün nəticə çıxaracaq. Azərbaycan yeni xarici siyasət qaydalarını formalaşdırır və xarici siyasət doktrinasında yeni reallıqlarda bunlar öz əksini tapır və tapacaq da. Müharibə dövründə olduğu kimi, qardaş ölkələr - Türkiyə, Pakistan və Ukrayna yenə yanımızda oldu. Təbii ki, gələcək nəsillər də həqiqi dost, qardaş dəstəyini unutmamalıdır. Hərbi əməliyyatlar başlayandan bəri ermənipərəst mövqe ortaya qoyan Fransa və ABŞ-ın addımlarını da unutmamalıyıq. Həm müharibə dövründə, həm də ondan sonra Vaşinqton və Paris erməni işğalçı ordusu ilə açıq və birmənalı həmrəylik nümayiş etdirdilər. Hələ də mövqelərini müəyyən edə bilməyən dövlətlər başa düşməlidir ki, dünyada haqq və ədalət deyilən bir məsələ var.
Azərbaycan 30 ildən artıq müddətdə işğal altında olan torpaqlarını azad etdi, beynəlxalq qanunla müəyyən edilən sərhədlərini müəyyən edir. Heç kimin torpağına da göz dikməyib. Belə olan halda nədən belə ikili mövqe nümayiş etdirilir? Səbəbini yəqin ki, özləri də gözəl bilir. Sadəcə etiraf etməyə cürətləri çatmır.
Azər Nuriyev